“Uşaq hüquqları” mövzusunda onlayn maarifləndirici görüş keçirildi

Aprelin 22-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və tarix müəllimi Leyla Vəliyevanın birgə təşkilatçılığı, 6 “a” sinif şagirdlərinin iştirakı ilə “Uşaq hüquqları” mövzusunda onlayn formatda maarifləndirici görüş keçirilmişdir. Leyla müəllim çıxışında ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində aparılan genişmiqyaslı tədbirlərdən söhbət açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda təsbit olunmuş əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar uğurla həyata keçirilir. Uşaqların radikal və zərərli təsirlərdən qorunması üçün hər bir xalqın ənənələrinin, milli-mənəvi dəyərlərinin əhəmiyyətindən və bununla bağlı ölkəmizdə görülən işlərdən danışıb. Dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib. Uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verildi. Təbirin yekununda mövzu ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.