“Vergiləri ödəmək hamının borcudur” adlı onlayn maarifləndirici görüş keçirildi

Aprelin 16-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun, coğrafiya müəllimi Brilyant Ağasıyevanın təşkilatçılığı ilə şagirdlərlə “Vergiləri ödəmək hamının borcudur” adlı maarifləndirici görüş keçirildi. Görüş “Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutdu. Brilyant müəllim mövzu barədə şagirdlərə məlumatlar verərək bildirdi ki, ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin demokratik təsisatların yaradılması işində həm də dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsinə istinad etməsi demokratik prosesləri, hüquqi, iqtisadi və digər sahələrdəki islahatları sürətləndirmiş və nəticədə ölkəmiz qısa müddətdə uğurlu inkişaf yolu keçmişdir. Bu gün isə Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının dinamik inkişafı təmin olunmuş, Azərbaycan inkişaf sürətinə görə dünyada öncüllər sırasına çıxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən,hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. 73-cü maddəyə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.