6 ə sinfində ”Koroğlu” dastanından ”Düratın itməyi” qolunda təsvirilik və nəqletmə xüsusiyyətləri mövzusu üzrə açıq dərs keçirildi

28 aprel 2017- ci il tarixdə Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elmira Yədulla qızı Qəhrəmanova 6 ə sinfində ”Koroğlu” dastanından ”Düratın itməyi” qolunda təsvirilik və nəqletmə xüsusiyyətləri mövzusu üzrə açıq dərsi keçirildi. Açıq dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şagirdlər dörd qrupa bölündülər. Dərsin məqsədi şagirdlərə qəhrəmanlıq, vətənpərvərlik hissini aşılamaqdır. Dərsdə ”Koroğlu” filmindən video- çarx izlənildi. Şagirdlər Koroğlunun Azərbaycan xalqının ən sevimli dastan qəhrəmanlarından biri olduğu, haqq və ədalət yolunda qılınc çalmaqla bərabər, bədahətən şeir demək, saz çalıb oxumağı da olduğunu qeyd etdilər və qəhrəmanlıq, igidlik haqqında atalar sözləri söylədilər. Dahi bəstəkar Üzeyir Hacıbəyovun "Uvertura"sı səslənərək, şagirdlərin ifasında şeirlər dinlənildi. Üzeyir Hacıbəyov yaradıcılığının kulminasiya mərhələsi olan "Koroğlu" operası xalqımızın milli-mənəvi ruhunun, igidlik, qəhrəmanlıq salnaməsinin təcəssümüdür. Şagirdlər uverturanı dinləyərkən onlarda vətənpərvərlik hissinin yarandığını, əllərinə silah alıb düşmən üzərinə getmək arzusunu, döyüş əhval ruhiyəsi yaratdığını vurğuladılar. Burada Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımız yad edildi, Elmira müəllim Aprel şəhidlərimizin döyüş zamanı qəhrəmanlıqları barədə ətraflı məlumat verdi. Aprel döyüşlərindən bəhs edən video - çarx nümayiş edildi. Daha sonra şagirdlərə mövzu ətrafında kartoçkalar təqdim olundu."Cəngi" sədaları altında krossvord üzərində tapşırıqlar yerinə yetirildi. Şagirdlər mövzu ilə bağlı rəsm əsərləri də çəkmişdilər. Qruplar üzrə qiymətləndirmə aparıldı. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin Bakıda "Koroğlu" abidəsinin açılış mərasimindən video izlənildi. Prezidentimiz gənc nəslin tərbiyə edilməsində "Koroğlu" dastanının çox mühüm bir vasitə olduğunu qeyd edərək bildirmişdir ki, "Gənc nəslimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdır. Müstəqil Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq üçün yaşamış gözəl insan, böyük sərkərdə idi." Sonda açıq dərsdə iştirak edən müəllimlər dərs haqqında öz fikirlərini söylədilər.