Hələ çox işlərimiz var...

Ölkəmizdə nə qədər irili - xırdalı məktəb var, deyə bilmərik.Amma hər məktəbin, lap elə insanlar kimi, öz taleyi,öz dəsti - xətti var. Bir də görürsən bir məktəb tək bircə nəfərin - fərqi yoxdur ona illər uzunu rəhbərlik edən bir rəhbərin,ya da bir məşhur məzununun adı ilə tanınır. Bir məktəb məzunlarının ali məktəbə qəbulolma faizi, başqa birisi özünün idman,incəsənət,nizam - intizam sahəsindəki uğurları ilə fərqlənir. Bəzən uzunmu, qısamı tarixü dövr bir məktəbin həyatının qızıl səhifələri kimi yadda qalır. Haqqında söhbət açacağımız E. Qaranzadə adına 270 saylı tam orta məktəb məhz belələrindəndir.Hər şey iki il bundan qabaq məktəbimizdə rəhbərliyin dəyişilməsi, daha dəqiq desək,Əli Bayraməli oğlu İsgəndərovun bu məktəbə rəhbər - direktor təyin olunması ilə bağlıdır. Nədənsə biz ictimai, sosial,siyasi proseslərdə bir nəfərin adını xüsusi vurğulamaqdan ya qorxuruq, ya da qısqanırıq. Əgər bu gün Rusiya özünün inkişafında Böyük Pyotrun ,Türkiyə Atatürkün, Azərbaycanda Heydər Əliyevin, Sinqapur Li Kuan Yunun müstəsna rolunu çəkinmədən hər yerdə qeyd edirsə, biz bir məktəbin inkişafında bir nəfərin xidmətini niyə qeyd etməyək ki? İncəsənət ustalarında belə bir deyim var; deyirlər, teatr qarderobdan başlayır. El içində isə deyirlər ki, sağlam bədəndə sağlam ruh olar.Hər şey məktəb binasının təmirindən, gözəlləşdirilməsindən,məktəbyanı sahənin abadlaşdırılmasından başladı.İllərlə yığılmış tör-töküntünün içində elə bir gülüstan yaradıldı ki, ... onu yalnız görmək lazımdır. Və bu, ənənəyə çevrildi. Doğrudur, indi qışdır. Amma artıq yaz işlərinə hazırlıq gedir. Çox demirik, ikicə aydan sonra məktəbimizə gələn hər kəs özünü cənnətin bir bucağında hiss edər desək, mübaliğə hesab etməyin. Amma sözümüzə nədənsə ikinci dərəcəli məsələlərdən başladıq- o mənada ki, məktəbin bir nömrəli işi təhsildir, təlim - tərbiyədir.Elə məktəbimizin ən böyük uğurları da buradadır. Bu iki ildə məktəbimiz çoxlu sayda "ilk" lərə, uğurlar imza atdı.Özü də bu uğurlar təkcə qəsəbəmiz, şəhərimiz ,ölkəmiz səviyyəsində yox, bəlkə də ondan da yuxarı coğrafiyadadır. Məhz ilk dəfə bizdə şagird elmi cəmiyyəti, şagird özünüidarə təşkilatı yaradıldı.Ömrünü - gününü təhsil işinə sərf etmiş pedaqoqlar,mütəxəssislər belə məktəbimizdə yaradılmış məktəbəqədər istedadlar qrupunun fəaliyyətini görəndə gözləri yaşarırdı desək yanılmarıq.Şagird özünüidarə təşkilatının adını çəkməklə biz artıq idarəetməyə şagirdlərin cəlb olunması haqqında məlumat verdik.Amma iş bununla da bitmədi. İdarəetmə işinə valideynlər cəlb olundu. Məktəb ictimaiyyətinin üzünə daim açıqdır.Rəhbərlik hər gün saat 14:00- dan sonra məmuniyyətlə valideynləri qəbul edir. Valideynlərdən söz düşmüşkən,lap bu yaxınlarda onlarla bağlı daha bir yeniliyə imza atmışıq.Belə ki, məktəbimizdə valideynlərdən ibarət növbətçilik cədvəli tərtib olunmuşdur. Bunun sayəsində valideynlər dərs zamanı və tənəffüslərdə övladlarının nə ilə məşğul olduqlarını öz gözləri ilə görürlər.Bütün ölkədə olduğu kimi bizim məktəbimizdə də "Şagirdlərin dostları" qrupu fəaliyyətə başlamışdır.Amma onlar özləri bizim relsimizə düşmüşlər.Çünki, bizdə şagirddən, texniki işçidən tutmuş , müəllim və rəhbərliyə qədər hər kəs öz hüquq və vəzifəsini yaxşı bilir. Məhz sadaladığımızların sayəsində bu gün E. Qaranzadə adına 270 saylı tam orta məktəbdə oxumaq və işləmək bir şərəf işi sayılır. Planlarımız çoxdur.Ən əsası kollektivimizdə bir mübarizlik var. Allahın köməkliyi ilə bütün planlarımızı həyata keçirəcəyik. Yeganə çətinliyimiz maddi sıxıntılardır.Odur ki, bütün 270 sevənlərə və xüsusən çoxminli məzunlar ordumuza müraciət edirik: Bizi tək qoymayın! ( Azərbaycan dili və ədəbiyyat müəllimi -Xəyyam Nəbiyev Səlvər oğlu)
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi