8 Mart Beynəlxalq Qadınlar Günü

"8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə Bakı şəhəri, E. Qaranzadə adına 270 nömrəli tam orta məktəbin musiqi müəllimi Mələk Bəndəliyevanın və UBTR-i İlahə Əhədovanın təşkilatçılığı ilə məktəbin istedadlı şagirdlərindən ibarət "Mənim anam" adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəbin direktor əvəzi Kəmalə Məmmədova, məktəb müəllimləri və valideynlər iştirak etdilər. Məktəbin direktor əvəzi Kəmalə Məmmədova məktəbin xanım kollektivini və tədbirdə iştirak edən xanımları səmimi qəlbdən təbrik etdi və Beynəlxalq Qadınlar Gününün qeyd olunmasından, onun tarixindən qısa məlumat verərək bildirdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar! Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik. Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızı, Azərbaycanın şəhid analarını unutmamalıyıq!
Tədbirdə şagirdlərimiz bir-birindən maraqlı çıxışları ilə iştirak etdilər. Mələk müəllimin rəhbərlik etdiyi 5 "D" sinif şagirdi Ümid Mahmudzadə Xudayar təsnifi və Ümidin anası Elminaz xanımın ifasında isə gözəl muğam səsləndirildi. Şagirdlərin qarmonda, sazda və pianinoda müşayiətilə səsi olan tədbir iştirakçıları mahnılar ifa etdilər. Şagirdlərdən 7 "Ç" sinif şagirdi Məlikzadə Məhəmmədəli "Əziz Anam", 8 "D" sinif şagirdi Sultanova Əsmər "Ana" mahnısını və 8 "Ç" sinif şagirdi Zeynallı Dəniz "Ana" haqqında mahnılar ifa etdilər. 7 "Ç" sinif şagirdləri Hüseyn Niyazlı pianinoda "Sarı gəlin" və Hüseynov Səfalı qarmonda "Şalaxo", Əkbərov Həsən isə pianinoda ifa etdilər.