27 saylı məktəb Bakı-2015 Avropa oyunlarında
Bakı-2015 I Avropa oyunları-Son 17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi.Möhtəşəm idman bayramı təntənəli bağlanış mərasimi ilə sona çatdı. Mərasimin keçirildiyi, birinci Avropa Oyunlarının yadigarı olan Bakı Olimpiya Stadionu yenə də izdihamlı idi. Bağlanış mərasiminə olan hədsiz maraq Oyunların böyük uğurundan xəbər verirdi. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, “Bakı-2015” gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı. “Bir çox ev sahibi şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi” - Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu sözləri həqiqətən qürurvericidir. Onun qeyd etdiyi kimi, iyunun 17 günü möhtəşəm idman bayramı və birinci Avropa Oyunlarına layiq tədbir kimi yadda qaldı.27 saylı orta məktəbin şagird və müəllim kollektivi də bu möhtəşəm bayram tədbirində iştirakdan kənarda qalmadı.Böyük sevinc və qurur hissi ilə kollektivimiz oyunları izləyərək bu bayramdan bir ömür boyu unudulmayacaq zövq aldılar.