Açıq Rəf-(koridorda açıq kitabxana) "Fləşmob"
Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun 16 dekabr 2014-cü ildə “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” imzaladığı əmrə əsasən məktəblərdə və cəmiyyətdə mütaliə ilə bağlı bir çox işlər görülür.Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün,idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir. Elə bu məqsədlə Tədbirlər Planına uyğun olaraq Xətai rayonu 27 saylı tam orta məktəbdə il ərzində məktəb rəhbərliyi, fənn müəllimləri, eləcə də kitabxana rəhbərliyi tərəfindən bir çox silsilə tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin yekunu olaraq 10 fevral 2017-ci il tarixdə Açıq Rəf (koridorda açıq kitabxana) "Fləşmob" keçirildi.Bu fləşmobda şagirdlər,müəllimlər və valideynlər iştirak edirdi. Məktəbin müdiriyyətinin,kitabxanaçıların, ədəbiyyat müəllimlərinin şagirdlərlə birgə hazırladıqları bu tədbir hamının marağına səbəb oldu. Bu tipdə bir Fləşmobun keçirilməsinin əsas məqsədi yeniyetmələr və gənclər arasında mütaliənin təbliği, uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, mütaliə-bilik dairəsinin genişləndirilməsi, ailə qiraət ənənəsinin bərpası, kitabxanalara ictimai marağın artırılması, əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə klassik, eləcə də müasir Azərbaycan və dünya ədəbiyyatına marağın artırılması, eyni zamanda Azərbaycan dili və nitq vərdişlərinin, nitq mədəniyyətinin təbliğidir. Həyata keçirdiyimiz Flasmob zamanı çalışdıq ki, mütaliəyə marağı daha da artırmaqla kitabı gündəlik həyatımızın bütün sahələrinə daxil edək. Müasir texnologiya vasitələri, internet insanları maarifləndirmək, məlumatlandırmaq baxımından nə qədər aktual olsa da, heç bir kəşf, heç bir vasitə kitab qədər praktik, kitab qədər zəngin ola, kitab qədər insanının mənəvi və fiziki sağlamlığının keşiyində dura bilməz. Şagirdlərdən Nərmin,Rza,Tahir,Nigar Razim,Rəvanə,Fərid,Fidan və başqaları mütaliə etdikləri əsərlər haqqında və mütaliənin əhəmiyyəti haqqında danışaraq bildirdilər ki,bu tədbir zamanı yeni-yeni əsərlərlə tanış oldular və bundan sonra da öz şəxsi kitabxanalarını zənginləşdirəcək,mütaliəni yaşam tərzinə çevirəcəklər. Sonda iştirakçilar belə maarifləndirici tədbirlədrin davamlı olmasını arzu etdilər.