Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Xətai Rayon Polis İdarəsinin təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Xətai rayon Polis İdarəsinin rəisi polkovnik Vaqif Müslümov,şəxsi heyət üzrə köməkçi İdris müəllim,Narkoloji dispanserin həkimi Afət xanım Məmmədova,psixoloq Könül Telmanqızı,Xətai rayonu İcra Hakimiyyətinim nümayəndəsi Mehriban İsrafilova,məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
İlk əvvəl məktəbin direktoru Könül xanım Həsənova tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Xətai Rayon Polis İdarəsinin rəisi polkovnik Vaqif Müslümov müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verdi.
Həkim və psixoloq çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə müəyyən tövsiyyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.