5 oktyabr- Müəllimlər günü.
Bu gün müəllimlər günü olsa da, hamımız sanki uşaqlaşmışdıq. Biz müəllimlər məhz bu uşaq sevgisi ilə müəllim olmuşuq. Belə anlarda qəlbimizdən xoş hisslər keçir: kaş biz də yenidən şagird olardıq! O gülüzlü müəllimlərimizə biz də saf ürək sözlərimizi deyərdik!
Gəlin, sizə söhbət açım ocaqdan,
Bu ocaqda olub və olacaqdan.
Təhsil alıb, ayrıldığım o çağdan,
Şagird olmaq istəyirəm yenidən!
Təhsil ocağı bil, sirli bir dünyadır,
Duz dağı tək tükənməz bir "qaya"dır!
Bilik verən bir ümmandır, dəryadır,
Şagird olmaq istəyirəm yenidən!
Məftun olduq ocağın xoş ətrinə,
Ömrümüzün səpilib hər sətrinə!
O gülüzlü müəllimlər xətrinə
Şagird olmaq istəyirəm yenidən!
Əqidəsi, amalı düz insanlar,
Hər yaşında olar "birüz" insanlar!
Bu təmkinlə bizləri də ovsunlar,
Şagird olmaq istəyirəm yenidən!
Ocağından nur yayılır ətrafa,
Savad verir hər alimə, sərrafa!
Heç kəs sərhəd qoymaz bu etirafa;
"Şagird olmaq istəyirəm yenidən!"
Yandıqca, bil, çartıldayır közləri,
Közdən alır nur ziyalı gözləri.
Eşitməkçün mən müəllim sözləri,
Şagird olmaq istəyirəm yenidən!
Qurulur binəsi əqlin, kamalın,
Bu nurlu ocaqdan arzu, kam alın!
Qulu olub bu istəyin, amalın;
Şagird olmaq istəyirəm yenidən!
Şagirdləri meyvəsidir, barıdır,
Kitabları yol yoldaşı, yarıdır!
Elmiylə bir sığınacaq, "barı"dır,
Şagird olmaq istəyirəm yenidən!
Dayanmışam sizin hüzurunuzda,
Mən hazıram hər sual-sorğunuzda!
Olmaq üçün yenə də "ordunuz"da,
Şagird olmaq istəyirəm yenidən!
O çağlarım - xoş duyğulu xatirə,
"Gündəlik" tək yazıb, düzdüm sətirə!
"Xatirə" dəftərinə yazdı Xatirə:
"Şagird olmaq istəyirəm yenidən!"
Xatirə Cəfərova
27 nömrəli tam orta məktəbin müəllimi