Fuad Axundovla görüş.
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə həmin gün xüsusi bir canlanma vardı. Nəinki şagirdlər,müəllimlər belə zalda özünə yer tapmağa çalışırdı.Fuad Axundov özünəməxsus yumorla şagirdləri salamladıqdan sonra əsas mövzuya keçdi və bizim “inqilabdan əvvəlki Bakıya səyahətimiz” başlandı. Alim “İnqilabdan əvvəlki Bakının etnik və mədəni müxtəlifliyi”ndən danışırdı. Yox, o, yenə də danışmırdı, o dövrü canlı-canlı yaşayırdı, yaşadırdı.
Alim o qədər çox informasiya verdi ki, özümüzü Bakı adlı böyük bir okeanın içərisində hiss etdik.
Böyük ekranda nümayiş olunan şəhərin XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid fotolarından ibarət kollaj isə mühazirənin təsirini daha da artırır, “səyahətimizi” daha yaddaqalan edirdi.
Bir insana düz iki saat tərpənmədən, az qala nəfəs almağı belə unudaraq, gözlərini ondan çəkmədən qulaq asmaq da mümkünmüş. Bunu həmin gün Fuad Axundov sübut elədi. Çünki o iki saatda yaşananlar adi mühazirə deyildi, sanki hansısa böyük bir teatrın səhnəsində nümayiş olunan monotamaşa idi. O danışdıqca adama elə gəlirdi ki, hansısa monotamaşadasan və Fuad Axundov adlı məşhur, peşəkar bir aktyorun Bakı haqqındakı monoloqunu dinləyirsən.
Son dərəcə coşqun temperamentli, təpədən-dırnağa tarix olan Fuad Axundovun “Əli və Nino” adlı gerçək eşq hekayəsini xatırladığımız, köhnə Bakıyla müasir paytaxtımızın oxşar və fərqli yanlarından bəhs edən mühazirəsi - monotamaşası da bitdi, o mühazirədən aldığımız təəssürat isə yaddaşlarda silinməz iz buraxdı.