Müəllimimizlə qürur duyuruq.
“İlin gənc müəllimi” müsabiqəsi Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə baş tutur.
Müsabiqənin 2021-ci il qalibi Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllimi Elvin Səlimov öz təəssüratlarını AzEdu.az-la bölüşdü:
“Müsabiqənin qalibi olduqdan sonra cəmiyyət arasında xeyli nüfuzum artıb. Bu sosial şəbəkələrdə və ictimaiyyət arasında özünü göstərirdi. Bununla yanaşı təşəbbüskarlıq təcrübəsi qazandım. Hansı ki, müsabiqəyə qatılmadan öncə müəyyən uğurlara imza atmışdım və bu qalibiyyətlə yeni bir uğur əldə etmiş oldum. Yüzlərlə müəllimin içərisində ilk əlliliyə, onluğa düşmək və son olaraq da birinci seçilmək kiçik ehtimal kimi görünsə də mənə nəsib oldu.
“İlin gənc müəllimi” seçilmək mənə ruhdan düşməməyi, təslim olmamağı öyrətdi. “Birdən alınmaz”, “Mən bu formu niyə doldurum?”, “O qədər savadlı müəllimin içərisindən seçilə bilmərəm” kimi fikirlərə qapılmadım. Bir işi görməyin ən birinci mərhələsi ona doğru addım atmaqdır. Hətta qalib olmasan belə, təkcə iştirak etmək gələcəkdə digər məsələlərdə yardımçı rolunu oynayır. Qalib olduqdan sonra istənilən sahədə qalibiyyəti yaxın görürəm”.
Müəllim builki iştirakçıları heç vaxt həvəsdən düşməməyə çağırdı:
“Müsabiqədə iştirak edən müəllimlərin hər biri qalib olmağa layiqdir. Bu sadəcə olaraq bir müsabiqədir, hər müsabiqədə olduğu kimi yekunda bir nəfər seçilir. Qalib olmayan müəllimlər heç də ruhdan düşməsin. “İlin gənc müəllimi” müsabiqəsində iştirak etmək və müəllimlərlə rəqabətə girmək də bir qalibiyyətdir. Müəllim adını daşımağın özü böyük bir uğurdur. Bu il müsabiqədə iştirak edən bütün müəllimlərə uğurlar arzulayıram”-deyə o fikirlərini tamamlayıb.
Müəllimimizlə qürur duyuruq.