Xətai rayonu 27 nömrəli tam orta məktəbin 10 A sinif sagirdi Elnur Məmmədlinin Şuşa səfəri.
Prezident İlham Əliyevin təhsilə və gənclərə göstərdiyi qayğısı daim hiss olunur. İstər intellektual yarışlar, istər respublika fənn olimpiadaları, beynəlxalq olimpiadaların təşkilatçılığı, bu yarışlarda uğur qazanan şagirdlərə göstərilən xüsusi diqqət danılmazdır. Elm və Təhsil naziri Emin Əmrullayevin şagirdlərimizə təqdim etdiyi sertifikatlar, xüsusi hədiyyələr şagirdlərimizi bu olimpiadalarda iştirak etməyə həvəsləndirir. Buna istinadən hörmətli nazirimizin 29.11.2022-ci il sərəncamına əsasən, RFO 1-ci yer qaliblərinin Şuşaya səfəri təşkil olundu. Səfərin təşkilində məqsəd şagirdlərimizə 30 il düşmən tapdağı altında olan, həsrətində olduğumuz Şuşanı yaxından tanıtmaq, Qarabağımızın gözü, mədəniyyət paytaxtı Şuşamızı qarış-qarış gəzdirmək idi. Respublika Fənn Olimpiadasının qızıl medalçısı olan məktəbimizin 10 A sinif şagirdi Elnur Məmmədli bu gəzintidə iştirak etmişdir. Səfər çox yüksək səviyyədə təşkil olunmuş, şagirdlərin təhlükəsizliyi tam təmin olunmuşdu.
Elm və Təhsil Nazirliyinin nümayəndələri şagirdlərə bələdçilik edərək, minadan təmizlənmiş torpaqlarımızı gəzdirdilər, Şuşada gedən abadlıq və restavrasiya işləri ilə onları yaxından tanış etdilər. Şagirdlər əzəmətli Şuşa qalası, Üzeyir Hacıbəylinin evi, Xurşidbanu Natəvanın bağında və Cıdır düzündə oldular. Bu unudulmaz gəzintinin təşkili üçün Elm və Təhsil Nazirliyinə xüsusi təşəkkürlərimizi bildiririk.