Şəhidimiz yad edilib
Məktəbin ingilis dili müəllimi Gülnarə İsmayılova, texnologiya müəllimi Vəfa Qəfərova və bir qrup şagird şəhid İsrayıl Cəfərzadənin ev muzeyini ziyarət etdi.
Şəhidin ev-muzeyində toplanmış şəxsi əşyalarına baxıldı, onun ömür və döyüş yolundan ibarət həyat hekayələri dinlənildi.
Qeyd edək ki, qəhrəman şəhid İsrayıl Cəfərzadə 2000-ci il sentyabrın 30-da Bakı şəhəri Sabunçu rayonunda anadan olub. Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbi bitirdikdən sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil alıb. İsrayıl Cəfərzadə həm də sərbəst güləş idman növü ilə də məşğul olub. Rayonlararası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq müxtəlif diplomlar və medallarla təltif olunub.
O, təhsilini bitirdikdən sonra 2019-cu il iyulun 2-də hərbi xidmətə yollanıb. Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl çavuş rütbəsi alıb.
Azərbaycan Ordusunun əsgəri olan İsrayıl Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 16-da Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilib.