İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi

  Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Eyvazovanın təşkilatçılığı ilə İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr edilmiş seminar təşkil edildi.

  Seminarda vurğulandı ki, XIX əsrin 70-ci illərinədək bütün Qafqazda dünyəvi fənlər tədris edən məktəb, bu fənlərdən dərs demək üçün pedaqoji kadrlar hazırlayan hər hansı bir təhsil ocağı yox idi. Məlumdur ki, Azərbaycanda olduğu kimi, İrəvanda da dünyəvi məktəblər açılana qədər təlim müəssisəsi kimi yalnız məscidlərin nəzdində mollaxanalar və mədrəsələr fəaliyyət göstərmişdir. Əsrlər boyu fəaliyyət göstərən mollaxana və mədrəsələr xalqımızın mədəni yüksəlişini təmin edə bilməmiş, onun inkişaf prosesini ləngitmişdir. XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi proseslər müxtəlif sahələrdə olduğu  kimi, təhsil və məktəb sahəsində də yeni meyillərin yaranmasına səbəb oldu. Artıq təlim müəssisəsi kimi fəaliyyət göstərən mollaxana və mədrəsələr getdikcə tənəzüllə uğrayır, öz yerini dünyəvi məktəblərə verməyə məcbur olurdu.

Cənubi Qafqaz, o cümlədən, Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildikdən sonra həyatın bütün sahələri Rusiya tərəfindən idarə olunmağa başladı. 1829-cu il avqustun 2-də Rusiya Maarif Nazirliyi "Zaqafqaziya məktəblərinin vəziyyəti haqqında" qəbul etmişdi. Burada qəza məktəblərinin yaranması və ümumi təhsil sistemi ilə idarə edilməsi öz əksini tapmışdı. Artıq XIX əsrin 70-ci illərində Cənubi Qafqazın müxtəlif yerlərində açılan həmin məktəblərdə elmin əsaslarını uşaqlara yeni üsulla tədris edən təhsil ocaqlarının ciddi şəkildə təşkilinə başlanıldı.  Cənubi Qafqazda başlanan bu maarifçilik hərəkatına İrəvanda da onlarla tərəqqipərvər azərbaycanlı ziyalı qoşularaq, gənclərin təhsilə cəlb edilməsi uğrunda mübarizəyə başladı. 14 yanvar 1832-ci ildə İrəvanda açılan ilk qəza məktəbində müxtəlif millətlərin uşaqları ilə yanaşı, azərbaycanlı uşaqlar da təhsil almağa başladılar. 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi.

8 noyabr 1881-ci ildə İrəvanda daha bir təhsil müəssisəsi - İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladı. Burada müxtəlif millətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlılar da təhsil alırdı. Yeri gəlmişkən onu da qeyd edək ki, İrəvan Müəllimlər Seminariyasının və gimnaziyasının təşkil edilməsi Cənubi Qafqazda maarifçiliyin daha geniş vüsət almasına ciddi təsir göstərdi. Seminariyada tatar dilini (Azərbaycan) Axund Məmməd Bağır Qazızadə tədris edirdi. O, 1853-cü ildə İrəvanda anadan olmuş, İrəvan progimnaziyasını bitirmişdir. Yüksək biliyə malik olan Axund Məmməd Bağır Qazızadə həm də seminariyada Azərbaycan bölməsinə rəhbərlik edirdi. O, 1911-ci ildə İrəvan müəllimlər seminariyasının bir qrup əməkdaşları ilə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş "Ana dili" dərsliyinin həmmüəlliflərindən biri idi. Aparılan araşdırmalardan məlum olur ki, seminariyanın Azərbaycan bölməsinin rəhbəri Axund Məmməd Bağır Qazızadə burada şəriət dərslərinin yüksək səviyyədə keçirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, gənc soydaşlarımızın seminariyaya daha çox cəlb edilməsi istiqamətində böyük rol oynamışdır.

  Tədqiqatlardan aydın olur ki, 1906-cı ilin iyun ayında Cəlil Məmmədquluzadə İrəvanda olmuş, seminariyada qabaqcıl azərbaycanlı ziyalılarla, müəllim və tələbələrlə görüş keçirmiş, "Molla Nəsrəddin" jurnalı barədə geniş fikir mübadiləsi aparmışdır. "Molla Nəsrəddin" jurnalının İrəvanda özünə möhkəm yer tutmasında İrəvan Müəllimlər Seminariyasının Azərbyacan bölməsinin müəllimlərinin və tələbələrinin də böyük rolu olmuşdur. "Tuti", "Zənbur", "İqdam", "İrşad", "Babayi-Əmir", "Məzəli", "Kaspi", "Şəlalə", "Sovqat", "Kəşkül", "Tərcuman" və s. bu kimi mətbuat orqanlarının da İrəvanda yayılmasında azərbaycanlı ziyalıların və tələbələrin böyük rolu olmuşdur.

O da qeyd edildi ki, İrəvan Müəllimlər Seminariyasında 1904-cü ildə Rəşid bəy Şaxtaxtinski, 1907-ci ildə isə Həmid bəy Şahtaxtinski Azərbaycan (tatar) dili fənnini tədris etmişlər. Həmid bəy 5 iyun 1899-cu il tarixdə İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra Qafqaz Təhsil Dairəsinin əmri ilə 1 sentyabr 1899-cu il tarixdən İrəvan rus-tatar məktəbinə Azərbaycan dili müəllimi təyin edilir. 27 oktyabr 1901-ci il tarixdə isə Qafqaz Təhsil Dairəsi rəhbərinin 14622 №-li əmri ilə İrəvan Müəllimlər Seminariyasına tatar (Azərbaycan) dili müəllimi təyin edilir. Həmid bəy 23 oktyabr 1907-ci il tarixdə Qafqaz Təhsil Dairəsinin 19273 №-li əmri ilə İrəvan Müəllimlər Seminariyasının tatar dili müəllimi vəzifəsindən azad edilir. 
1907-ci ildə Həmid bəy İrəvan Müəllimlər Seminariyasından azad edildikdən sonra onun yerinə Mirzə Cabbar Məmmədzadə tatar (Azərbaycan) dili müəllimi təyin edilir. Mirzə Cabbar Məmmədzadə 19 yanvar 1913-cü il tarixə qədər İrəvan Müəllimlər Seminariyasında tatar (Azərbaycan) dili müəllimi işləmişdir. 

Seminariyada Bakıdan, Naxçıvandan, Dağıstandan və başqa şəhərlərdən də tələbələr təhsil alırdı. Seminariyanı bitirən məzunlara kənd ibtidai məktəb müəllimi vəsiqəsi verilirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi