Sinif otaqlarına şəhidlərin adları verildi

Oktyabrın 14-də 245 nömrəli tam orta məktəbdə Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi məqsədi ilə adlarına verilən sinif otaqlarının açılışı olub. Tədbirdə şəhid ailələri ilə yanaşı, Xətai rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, vətən müharibəsi qazisi Bəkir Əsgərzadə, I və II Qarabağ müharibəsinin iştirakşısı, qazisi Ruxsarə Cumayeva, şəhid Həmid Qasımovun döyüş yoldaşı Elşən Hacıyev, qazi Murad Bayramov və məktəb kollektivi iştirak ediblər.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qazi Bəkir Əsgərzadə Həmid Qasımovun kursant yoldaşı olduğunu onunla bağlı xatirələrini bölüşüb.

Şəhid Həmid Qasımovun döyüş yoldaşı, əsgəri Elşən Hacıyev keçdikləri döyüş yolundan bəhs edib, şəhidin göstərdiyi şücaətlərdən söhbət açıb.

Daha sonra çıxış edən 8 b sinif şagirdi Zeynəb Bədəl-zadə 44 günlük Zəfər yürüşündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun əldə etdiyi parlaq qələbədən söz açıb. Həmçinin haqq savaşı uğrunda torpaqlarımızın azad edilməsi zamanı qəhrəmanlığı ilə seçilən şəhidlərimizin əziz xatirələrindən danışıb. Bildirib ki, şəhidlər Vətən uğrunda canını fəda etməklə gələcək nəsillər üçün vətənpərvərlik örnəyinə çevriliblər.

Məktəbin direktoru Arzu Azadəliyeva sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini vurğulayıb.

3 sinif otağına şəhidlərimizin adları verilib. 2 c sinfinə şəhid Ənvər Əliyevin, 3 c  sinfinə şəhid Ülvi Hacıyevin, 3 f sinfinə şəhid Həmid Qasımovun adlarının verilməsinə dair xatirə lövhələri sinif otaqlarının qapıları üzərinə yerləşdirilib, şəhidlərin həyat və döyüş fəaliyyətini əks etdirən guşələr yaradılıb. 

 Həmçinin, Sinif rəhbərləri Könül Mehdiyeva, Safurə Həşimova, Günel Hümbətova bu təhsil ocağının nümunəvi siniflərinə şəhidlərimizin adlarının verilməsinin şagirdlərin Vətənə məhəbbət hissinin, vətənpərvərlik duyğularının daha da yüksəlməsində, mühüm rol oynadığını bildiriblər.

 

Şəhid Ənvər Əliyevin əmisi Vidadi Əliyev, şəhid Həmid Qasımovun qaynanası Dürdanə Orucəliyeva şəhidlərimizin qəhrəmanlıqları, Vətəni canlarından da çox sevmələri barədə məlumat verib, onların şəhidlik zirvəsinə ucalmaları ilə qürur duyduqlarını deyiblər. Onlar şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən bu işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

 Tədbirdə şagirdlər şəhidlərə və vətənpərvərliyə həsr olunan şeirlər söyləyib, mahnı ifa ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi