"Valideynin Məktəbdə Bir Günü" layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev 2018-2019-cu tədris ilində iki dəfə olmaqla idarənin tabeliyində olan ümumtəhsil məktəblərində “Valideynin Məktəbdə Bir Günü” adlı layihəsinin keçirilməsi haqqında əmr verdi.
Buna əsasən 13.02.2019-cu il tarixində valideynlər üçün “Açıq qapı” günü keçirildi. Məktəbin direktoru Akif Rəsulov tədbiri açıq elan etdi. A.Rəsulov öz çıxışında valideynlərə övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunduğunu, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradıldığını qeyd etdi.
Valideynlər idman zalı, kitabxana, laboratoriyalar, akt zalı, innovasiya otağı ilə tanış oldular. Onlar dərsləri müşahidə etdilər, övladlarının təhsil səviyyəsi haqqında müəllimlərdən məlumat aldılar. Dərsləri dinlədikdən sonra valideynlər üçün seminar keçirildi. Onları maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı, təklif və iradları qeyd olundu.
Məktəbin direktor müavini Aybəniz Vəliyevanın, tarix müəllimi Elnarə Nuriyevanın, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərovanın rəhbərliyi ilə bədii hissə təşkil olundu. Bədii hissə dövlət himninin səslənməsi ilə başladı, məktəbin şagirdləri şeirlər söylədilər, mahnılar ifa etdilər və rəqslər nümayiş etdirdilər.