PLAYMAKERS layihəsi çərçivəsində Nizami rayonunun 242 və 229 nömrəli tam orta məktəblərin ibtidai siniflərində təhsil alan playmakers qızları arasında futbol üzrə yoldaşlıq görüşü.

23 aprel 2025-ci il tarixində məktəbimizin idman zalında ,idman və əyləncə dolu bir gün yaşandı! PLAYMAKERS layihəsi çərçivəsində Nizami rayonunun 242 və 229 nömrəli tam orta məktəblərin ibtidai siniflərində təhsil alan playmakers qızları arasında futbol üzrə möhtəşəm bir yoldaşlıq görüşü keçirildi.
Yoldaşlıq görüşünün açılışında PLAYMAKERS layihəsinin koordinatoru, hörmətli Gülyana Özcan öz səmimi və ruhlandırıcı çıxışı ilə tədbirə xüsusi bir rəng qatdı. O, ilk öncə bütün iştirakçıları və azarkeşləri salamladı, bu gözəl tədbirin əhəmiyyətini vurğuladı. Onun çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı və alqışlarla müşayiət olundu. Gülyana Özcan vurğulayaraq qeyd etdiki, bu cür tədbirlər gənc nəslin fiziki və sosial inkişafına böyük töhfə verir. Gələcəkdə də bu kimi layihələrin davamlı olması futbola həvəsli gənc qızların sayının artmasına və onların sağlam böyüməsinə imkan yaradacaqdır. Onun bu ruhlandırıcı başlanğıcı bütün tədbirə müsbət bir enerji verdi. Gülyana xanım gənc futbolçulara dəyərli məsləhət və tövsiyələrini də çatdırdı. O onlara meydanda dürüst və ədalətli olmağı, rəqiblərə hörmət etməyi, komanda yoldaşları ilə həmrəy olmağı tövsiyə etdi. Həmçinin, məşqlərdə səylə çalışmaqlarının, öz üzərlərində daim işləməklərinin və heç vaxt ümidlərini itirməmələrinin vacibliyini vurğuladı.
Daha sonra məşqçi müəllimlər Asəf Mehdiyev və Əlağa Əliyev çıxış edərək layihənin qızların fiziki inkişafına, sağlam həyat tərzinin təbliğinə, komanda işi bacarıqlarının artırılmasına və özgüvənlərinin yüksəldilməsinə necə müsbət təsir göstərdiyini ətraflı şəkildə izah etdilər. Futbolun yalnız fiziki sağlamlıq üçün deyil, həm də xarakterin formalaşmasında, dostluq bağlarının güclənməsində və həyatda uğur qazanmaqda mühüm rol oynadığını xüsusi qeyd etdilər.
Oyun, görüşün hakimi Əlağa Əliyevin start fiti ilə başladı. Dostluq və rəqabət ruhunun hökm sürdüyü bu qarşılaşma, hər iki komandanın da sərgilədiyi gözəl oyun sayəsində nəfəs kəsən anlara şahidlik edildi. Qızlar, meydanda böyük həvəs və bacarıqla mübarizə apardılar. Sürətli ötürmələr, dəqiq zərbələr və qapılar önündəki mübarizə, izləyicilərə əsl futbol zövqü yaşatdı. Əlbəttə, bu yoldaşlıq görüşünü daha da maraqlı edən bir məqam da azarkeşlərin hamısı məktəbin ibtidai siniflərində təhsil alan qızlar idi.
Oyunun sonunda hesab bərabər oldu: 6-6! Bu heç-heçə, hər iki komandanın gücünü və mübarizə əzmini bir daha təsdiqlədi. Lakin nəticədən daha önəmlisi, şagirdlərin bu yoldaşlıq görüşündən aldıqları böyük zövq və xoş xatirələr oldu. Onlar, həmyaşıdları ilə birlikdə futbol oynamağın sevincini yaşadılar, komanda ruhunu hiss etdilər və yeni dostlar qazandılar. Bu mənzərə bir daha göstərdi ki, futbol təkcə meydanda oynayanlar üçün deyil, həm də onu izləyən hər kəs üçün böyük bir həyəcan və sevinc mənbəyidir. İbtidai sinifdə təhsil alan qızların bu cür coşğulu dəstəyi, gələcəkdə daha çox qızın idmana maraq göstərməsinə və bu sahədə uğurlar qazanmasına ilham verəcəkdir. PLAYMAKERS layihəsinin təşkil etdiyi bu yoldaşlıq görüşü, həm iştirakçı şagirdlər, həm də balaca azarkeşlər üçün unudulmaz bir xatirə olaraq yaddaşlarda qalacaq.