Narkomaniyaya yox deyirik

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 İyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədi ilə məktəbimizdə hər il bu mövzuda tədbirlər keçirilir. Bu məqsədlə 02.11.2018-ci il tarixində Bakı şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktik işin təşkili şöbəsinin rəisi, polis-polkovnik leytenantı Məryəm Ömərovanın, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polis-polkovnik leytenantı Cövdət Məmmədovun, Nizami rayon Polis İdarəsinin YYÇ işləri üzrə baş inspektoru, polis kapitanı Pərvanə Əzizovanın, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin YYÇ işləri üzrə inspektoru, polis baş leytenantı İlahə Balayevanın, Laçın rayon 40 nömrəli tam orta məktəbin psixoloqu Əsmər Talıbovanın iştirakı ilə məktəbin akt zalında “Narkomaniyaya yox deyirik” adlı tədbir keçirildi. Tədbirin əvvəlində eyniadlı videoçarx nümayiş olundu. Qonaqlar bu gün bəşəriyyəti düşündürən , rahatsız edən ən ağrılı problemlərdən biri olan narkomaniya haqqında, eyni zamanda Azərbaycanda yeniyetmə və gənclər arasında bu qorxulu problemlə üzləşməmək üçün şagirdlərə daha açıq şəkildə məlumat verdilər, geniş təbliğat və maarifləndirmə işləri aparıldı, şagirdləri maraqlandıran sualları cavablandırdılar. Məktəbin direktoru Akif Rəsulov da çıxış edərək cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını və bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin bütün üzvlərinin iştirakının vacibliyini qeyd etdi.