“Ətraf mühitə dost və təhlükəsiz məktəb” layihəsi çərçivəsində növbəti təlim keçirildi

27 yanvar 2018-ci il tarixində “Ətraf mühitə dost və təhlükəsiz məktəb” layihəsi çərçivəsində növbəti təlim keçirildi. Keçirilən təlimin mövzusu “Ətraf mühitə dost düşərgə” idi. Təlimin keçirildiyi məkan bu dəfə fərqli oldu. SOCAR-ın dəstəyi ilə layihə iştirakçıları Qala qəsəbəsində yerləşən Qala Ekoloji Parkına səfər etdilər. Parkın əməkdaşları parkın yaranması və fəalliyəti barədə geniş şəkildə məlumat verdilər, şagirdləri maraqlandıran sualları cavablandırdılar. Şagirdlər parkın istixanasında oldular və burada bitkilərin necə yetişdirilməsi barədə məlumatlandırıldılar. Eyni zamanda günəş enerjisinin alınması barədə söhbətlər aparıldı.
Dağlarda düşərgələrin salınması, çadırların qurulması barədə verilən məlumatlar şagirdlərin daha çox diqqətini cəlb etdi. İstənilən hava şəraitində şagirdlər canlı təbiətlə təmasda olmağın və çətin vəziyyətdən çıxmağın müxtəlif yollarını öyrəndilər. Təlimçilər çadırların qurulması mexanizmini şagirdlərə izah etdilər və şagirdlər özlərini bu işdə sınadılar.