28 May – Müstəqillik Günü

Xülasə

  Milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsinə hesablanmışdı. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyən Azərbaycan  1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etmişdir. Bununla  Azərbaycan Respublikası müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşsə belə  ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz xilas olaraq, sabit inkişaf yoluna qədəm qoymuşdur.

  Ulu Öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır.

  Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha dagücləndirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

 

  Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Milli Şurasının ilk sədri Məhəmməd Əmin Rəsulzadə olmuşdur.

 

  Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin olunub, milli ordu yaradılıb, milli valyutanın dövriyyəyə buraxılıb, milli bank təsis edilib. Demokratik dövlət olan yeni Cümhuriyyət beynəlxalq əlaqələr qurub  və beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

 

  Uzun müddət, yəni sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdur. Hətta Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi qadağan edilmişdir. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa edildi.

 

  Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev deyib: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.

 

  Heydər Əliyev öz çıxışlarından birində qeyd edib: “Bu gün – bu bayram günü biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaq. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaq”.

 

  Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının tarixi qələbəsidir.

  Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir!

                                                                                                                                                                                                                                                                                                            Əhmədova Fatma 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi