Yel çərşənbəsi və 8 Mart Qadınlar günü qeyd olundu.

Hal-hazırda Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsindəyik. Sevindirici haldır ki, xalqımız Novruz əxlaqi dəyərlərini bu gün də yaşadır. Novruz bayramı Azərbaycan xalqının əsrlərdən bəri qoruyub saxladığı və həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də xalqımızın tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, tarixi keçmişimizə, adət-ənənələrimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. Zəngin milli-mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur. Milli mənəvi dəyərlərin aşılanması, xalqımızın milli mənəvi dəyərlərini yaşatmaq məqsədilə və eyni zamanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə 07.03.2017-ci il tarixində məktəbin akt zalında maraqlı bir tədbir keçirildi. Tədbirdə 9a və 9c sinifləri iştirak etdilər. Bir-birindən maraqlı şeirlər, səhnəciklər, yarışmalar, ifalar tədbir iştirakçılarının ürəyincə oldu. Sonda Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən direktor bu bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən ilaxır çərşənbələrdən hesab olunan yel çərşənbəsinin xüsusiyyətlərindən danışdı və tədbirdə iştirak edən şagirdləri fəxri fərmanla mükafatlandırdı.