9 noyabr-Dövlət Bayrağı Günü qeyd edildi
Dövlət Bayrağı Günü münasibətilə məktəbdə ədəbi-bədii gecə, “Dəyirmi masa”, dövlət atributlarına aid təqdimat müsabiqəsi, rəsm sərgisi keçirildi.
“Bayraq mənliyimdi, bayraq kimliyim” mövzusu ətrafında dəyirmi masa təşkil olundu. Dəyirmi masada 9 "C" sinif şagirləri təqdimatları ilə çıxış etdilər. Sonra şagirdlər arasında qədimdən bugünə kimi olan Azərbaycan bayraqları haqqında debat keçirildi.
3-cü sinif şagirdləri arasında Azərbaycan Respublikasının Dövlət rəmzlərinin yaranması, onların tarixi, məna və mahiyyəti haqqında "Gerbim, himnim, bayrağım" adlı təqdimat müsabiqəsi keçirildi. Müsabiqənin qalibləri juri tərəfindən qiymətləndirildi.
Noyabrın 8-də “Əbədi dalğalanan üçrəngli bayrağımız!" adlı tədbir keçirildi. İlk öncə məktəbin foyesində Dövlət Bayrağı Gününə həsr olunmuş sərgiyə baxış keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Rayon veteranlar təşkilatının sədri Yəhya Ağayev, Bəhman Hüseynov, Dini qurumlar üzrə dövlət komitəsinin əməkdaşı Vasif Musayev iştirak etdi. Məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə olan sevgiləri ifa etdikləri şeir və mahnılarda öz əksini tapdı.
Tədbirin sonunda məktəbin direktoru Xuraman Osmanova çıxış edərək Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və xüsusi olaraq vurğuladı ki, yeniyetmə-gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək təhsil müəssisələrinin üzərinə düşən ən ümdə vəzifələrdən biri sayılır. X. Osmanova onu da bildirib ki, müstəqilliyimizin rəmzlərindən sayılan üçrəngli bayrağımıza rəğbət və hörmət etmək, onu qorumaq vətəndaşlıq borcumuzdur və bu borcumuzu ləyaqətlə yerinə yetirməliyik.