"XOCALI DƏRDİM MƏNİM"

24 fevral 2016-cı il tarixində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar məktəbimizdə "Xocalı – dərdim mənim" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və başqa qonaqlar iştirak edirdi. İlk öncə məktəbin foyesində Xocalı faciəsini əks etdirən rəsm nümunələrinə baxış keçirildi.Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Xocalı faciəsinin ermənilər tərəfndən dinc əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisi olduğunu vurğulayaraq, bu soyqırım aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyini, mülki əhalinin görünməmiş qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərə isə amansız işgəncələr verildiyini bildirdi. O, Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli işlər görüldüyünü, Xocalı faciəsinin soyqırımı olması faktının dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapdığını diqqətə çatdırdı.