20 Yanvar… unutmadıq

Məktəbdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “20 Yanvar… unutmadıq” adlı tədbir keçirilib. 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun əməkdaşı Xəyalə Rüstəmova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev və birliyin üzvləri, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və aparat üzvləri,YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və 33 saylı musiqi məktəbinin pedaqoji kollektivi iştirak ediblər. 238 saylı orta məktəbin direktoru İlqar Talıbov bildirdi ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk edilib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib. Çıxış edənlər 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndiriblər.