Ümumdunya vərəmlə mübarizə günü ilə əlaqədar tədbir keçirilib

Martın 16-da məktəbdə 24 mart - Ümumdunya vərəmlə mübarizə günü ilə əlaqədar tədbir keçirilib. Maarifləndirmə tədbiri Sağlamlığa xidmət ictimai birliyinin təşəbbüsü ilə TB-REP layihəsi çərçivəsində təşkil olunub. Məktəbin şagirdlərinin toplandığı tədbirdə əvvəlcə Sağlamlığa xidmət təşkilatının ictimai vəkillik üzrə məsləhətçisi Pərvanə Vəliyeva çıxış etdi. Şagirdləri salamlayan təşkilatın nümayəndəsi dünyada mövcud vərəmlə bağlı vəziyyətdən söhbət açıb, xəstəliyə yoluxmada məlumatlılığın vacib amil olduğunu şagird -müəllim heyətinin diqqətinə çatdırdı. Daha sonra Sağlamlığa xidmət ictimai birliyinin rəhbəri Elçin Muxtarlı şagirdlərin vərəm haqqında ilkin biliklərini yoxlamaq məqsədi ilə auditoriyaya suallar ünvanladı. Şagirdlərin bir neçəsinin cavabları qaneedici olsa da, təşkilat rəsmisi vərəmlə bağlı biliklərin artırılmasında həm məktəbin, həm ailənin, həm də cəmiyyətin əlbir olmasının vacibliyini vurğuladı. Elçin Muxtarlı çıxışının sonunda məktəblilərlə görüşə imkan yaratdığı üçün təhsil müəsisəsi rəhbərliyinə və məktəbin direktoru İlqar Talıbova təşəkkürünü bildirdi. Çıxış edən Qızıl Aypara Cəmiyyətinin üzvü Mətanət Qaraxanova uşaqlara vərəm xəstəliyi barədə ətraflı məlumat verdi. O, məktəblilərə xəstəliyin heç də deyildiyi kimi dəhşətli yox, vaxtında aşkarlandıqda müalicə oluna biləcəyini çatdırdı.
Tədbirin sonunda akt zalına toplaşan məktəb kollektivi üçün vərəm haqqında maarifləndirici sosial çarx və qısametrajlı bədii film nümayiş olundu.
Sonda təşkilat tərəfindən maarifləndirmə tədbirində əməyi olan müəllimlərə və vərəmlə mübarizədə aktiv çıxış edənlərə sertifikatlar təqdim olundu.