1 mart–Ümumdünya Mülki Müdafiə Günü qeyd edildi

Bu gün məktəbimizdə 1 mart–Ümumdünya Mülki Müdafiə Günü qeyd edildi. İlk olaraq məktəb foyesində Mülki müdafiə gününə həsr olunmuş sərgiyə baxış keçirildi. Sonra 5 və 6-cı siniflərdə Mülki müdafiə mövzusunda dərslər dinlənildi. Daha sonra “Həyəcan siqnalı” ilə məktəbin bütün müəllim və şagirdləri təxliyyə olundular. Toplanma məntəqəsində məktəb rəhbəri İlqar Talıbov Beynəlxalq Mülki Müdafiə Gününün yaranma zərurəti barədə məlumat verdi. Bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi - Mülki müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.
Nizami rayon Mülki müdafiə və regional şöbəsinin rəisi Polkovnik-Leytenant Natiq Abdullayev bildirdi ki, hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Çıxışlardan sonra Azərbaycan Respublikası FHN-nin N saylı hərbi hissəsinin zabitləri baş Leytenant Lalayev, Leytenant Dərgahov və Leytenant Səmədov şagird və müəllimləri xilasetmə qurğu və vasitələri ilə, eləcə də kimyəvi və radioaktiv maddələrdən qorunma vasitələri ilə tanış etdi. Dövlət Yanğından Mühafizə hissəsinin rəis müavini Mayor Zaur Kərimov şəxsi heyətlə birlikdə yanğınsöndürmə maşınının imkanları barədə məlumat verdi. Tədbirdə Bakı Regional Mərkəzinin əməkdaşı Mayor Cavid Quliyev, İdarənin əməkdaşları Baş Leytenant Hacıyev, Baş Leytenant Fətəliyev, Mülki müdafiə İdarəsinin əməkdaşı Kapitan A.Süleymanov və Nizami rayon Qızıl Aypara cəmiyyətinin əməkdaşı iştirak ediblər. Tədbir mühafizə qurğularına və xilasetmə texnikasına baxışla başa çatdı.