“Sabahın alimləri” VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Fevralın 16-da “Sabahın alimləri” VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək şagirdlərin elmi yaradıcılığına həsr olunan “Sabahın alimləri” VII Respublika Müsabiqəsinə marağın ilbəil artdığını, iştirakçıların coğrafiyasının genişləndiyini, həmçinin bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu diqqətə çatdırıb.
Müsabiqədə ümumilikdə 1187 nəfər iştirak edib. Bu müsabiqədə məktəbimizi iki layihə ilə Hacıyev Məhəmməd Tofiq oğlu və Əliyev Əli Hidayət oğlu təmsil edirdi. Bu il münsiflər heyəti tərəfindən 79 şagirdin hazırladığı 46 layihə seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub.
Şagirdimiz Hacıyev Məhəmməd ekologiya və ətraf mühitin idarə olunması nominasiyası üzrə qalib olub. Məhəmməd bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ qazanıb. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.