28 May - Respublika Günü qeyd olundu

Məktəbimizdə 28 May - Respublika Günü münasibətilə "ÇİÇƏKLƏNƏN AZƏRBAYCAN" adlı tədbir keçirildi. May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Tədbir bədii hissə ilə sona çatdı.