“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Nizami rayon məktəbliləri Naxçıvanda səfərdə olmuşlar

Artıq dördüncü ildir ki, “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.Tur-aksiyanın bu dəfəki marşrutunda qədim Naxçıvan diyarı vardı. Beş min illik şəhər mədəniyyəti ənənələrinə malik olan qədim Naxçıvan Azərbaycanın, bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə dəyərli töhfələr verib. Məktəblilər səfər zamanı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və liderin Naxçıvandakı siyasi fəaliyyəti haqqında ətraflı məlumatlar almışlar. Eyni zamanda, gənclər Naxçıvanda bu günədək qorunub saxlanılan Möminə Xatın, Nuh Peyğəmbər, Gülüstan, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı, Əlincə qalası, Batabat, Duzdağ və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olmuşlar. Bu dəfəki tur-aksiyada məktəbimizi X sinif şagirdi Nailə Əsədli təmsil etdi.