“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olunub

Mart ayının 25-də 8d sinif şagirdləri sinif rəhbəri Kərimova Pakizənin təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda olublar. Şagirdlərə məlumat verilib ki, qoruq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Bildirilib ki, abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksi ərazisində ölkəmizə, xüsusən də Qalaya və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub. Məktəblilər muzey kompleksində Abşeron yarımadasının abidələri, tarixi yerləri, qeyd olunmuş xəritə, plan, sxem və yarımadaya məxsus abidlərin təsvir olunmuş stendlər, e.ə. III-II minilliyə aid qayaüstü rəsmlər, bütlər, kurqanlar, meqalitik abidələr, arxeoloji tapıntılarla zəngin Arxeoloji qalereya, orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları, qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümunələri, interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən XIX əsrə aid ikimərtəbəli yaşayış evini gəzib, təsərrüfatın canlı nümunələri – qoyunçuluq, dəvəçilik, atçılıq və digər sahələrlə tanış olublar.