“Xəmsə” rəsm müsabiqəsinə yekun vurulub

Nizami rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Əfsanə Sadıqovanın rəhbəri olduğu “Xəmsə” rəsm müsabiqəsi layihəsi keçirilib. YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov qeyd edib ki, Azərbaycan xalqı Nizami Gəncəvi yaradıcılığının qorunub saxlanılması kimi haqlı mövqedə mübarizə aparır. Bəzi ölkələrin bir qrup kütləvi informasiya vasitələri dahi Azərbaycan şairi Nizami Gəncəvini başqa xalqların şairi kimi qələmə verir. Bu iddianı əsassız sayan bir çox amillər mövcuddur. Nizami Gəncəvi yaradıcılığının Azərbaycana məxsus olmasını bəyan edən və eyni zamanda bu işdə azərbaycanlı gənclərin iştirakını təmin edən sosial layihələrə ehtiyac duyulurdu: “Biz düşünürük ki, gənc rəssamların istedadlarından yararlanıb bu missiyanı həyata keçirmək effektiv təklifdir. Nizami yaradıcılığına verilən dəyərin rəsmlər üzərində əks etdirilməsini və bu vasitə ilə gənclərin maarifləndirilməsi, istedadların üzə çıxarılması, “Xəmsə”nin daha çox oxunması və öyrənilməsini təklif edirik”.Layihə çərçivəsində 30-dan artıq rəsm əsəri təqdim edilib. Təşkil olunmuş sərgi isə ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.Sərgilərin keçirilməsindən sonra iştirakçıların mükafatlandırılması mərasimi olub. Layihə iştirakçılarına sertifikatlar, hədiyyələr və bütün rəsm əsərlərinin yer aldığı kataloqlar təqdim edilib.