Məktəbdaxili qiymətləndirmədə İKT-dən istifadə təcrübəsindən

30 mart 2015-ci il tarixdə Təhsil Problemləri İnstitutunda "PEDAQOJİ İNNOVASİYALAR" mövzusunda seminar keçirildi. Seminarı Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov açdı. Qulu Növruzov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından və orada qiymətləndirməni əks etdirən məzmundan bəhs etdi. Sonra məktəbimizin ibtidai sinif müəllimi, "Qabaqcıl təhsil işçisi", "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2009-2010) Bayramova İradə İsmayıl qızı öz təcrübəsindən "qiymətləndirmədə İKT-nin tədbiqi" ilə bağlı təqdimatla çıxış edib. "Məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi" adlı məruzəsində İradə xanım İKT-nin tətbiqi zamanı təhsilin keyfiyyətinə, müasir dünyada tələb olunan bilik və bacarıqlara malik vətəndaşların formalaşmasına birbaşa təsirindən danışıb. Bu sahənin informasiyalaşdırılmasının keçici bir mərhələ olmadığını bildirib. “İnformasiyalaşdirılmış cəmiyyət hər bir insana bütün ömür boyu keyfiyyətli təhsil almaq imkanı verir. İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. Məktəb və müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyi, hər şeydən əvvəl , şagirdlərin təlim nəticələri ilə ölçülür. Bu zaman şagirdlərin biliklərinin sistemliliyi, möhkəmliyi, dərinliyi, dəqiqliyi,tamlığı, davamlığı, çevikliyi, praktik istifadəsi və inkişafı əsas parametr kimi götürülür. Qiymətləndirmə olmadan biz təhsilin keyfiyyəti barədə fikir yürüdə bilmərik. Qiymətləndirmənin məqsədi məlumat toplamaqdır. Həmin məlumatlar əsasında da muəyyən nəticələrə gəlinir”, - deyə İradə Bayramova bildirib. Təqdimatın sonunda mövzu ətrafında suallar verilib, çıxışlar olub. ARTPİ-nin direktor müavini Ənvər Abbasov, məktəbimizin direktoru İlqar Talıbov, İTV-nin “Açıq dərs” verilişinin aparıcısı Orxan Cabbarov, İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Yaqut Əzimzadə və başqaları maraqlı çıxışları ilə öz fəaliyyətlərində istifadə etdikləri, müşahidə apardıqları məktəbdaxili qiymətləndirmə ilə maraqlı fikirlər səsləndiriblər, məşğələnin təqdimatçısı İradə xanıma təcrübəsini bölüşdüyü üçün təşəkkürlərini bildiriblər. ARTPİ-də "Məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi" mövzusuna dair keçirilən məşğələdə institututun rəhbərliyi, əməkdaşları ilə bərabər, həmçinin Zaqatala, Şəmkir, Bakı, Sumqayıt şəhərlərindən gəlmiş müəllimlər iştirak ediblər.