Şəhid Kamran Hacıyevin anım günü ilə bağlı tədbir keçirilib

Oktyabr ayının 23-də “27 Sentyabr-Anım Günü və 8 Noyabr-Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”nı rəhbər tutaraq məktəbin sinifdənxaric və məktəbdənkənar işləri üzrə təşkilatçısı Əkbərova Bahar tərəfindən VII “B” sinif şagirdlərinin iştirakı ilə şəhid Kamran Hacıyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhidin atası Füzuli bəy, anası Sevinc xanım, döyüş və sinif yoldaşları, şəhid Müslüm Vəliyevin anası Kifayət xanım, şəhid Səxavət Məmmədovun anası Hicran xanım, məktəbin direktor əvəzi Elçin Quliyev, Kamran Hacıyevin sinif rəhbəri Yeganə Aslanova da iştirak edib. Tədbirdə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidin döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. Tədbirin aparıcıları Kamran Hacıyev haqqında geniş məlumat veriblər. Şagirdlər şeirlər ifa edib, şüarlar səsləndiriblər. Sonra şəhidin döyüş yoldaşları qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Kamranın şücaətindən, mərdliyindən danışıblar. Sinif yoldaşları onunla bağlı xoş xatirələri, məktəb illərini yada salıb kövrəliblər.
Tədbirin sonunda məktəbin direktoru çıxış edərək şəhidin ailə üzvlərinə və yoldaşlarına gəldikləri üçün öz minnətdarlığını bildirib. O, I Qarabağ müharibəsində keçdiyi döyüş yolundan danışaraq qeyd edib ki, onların qazana bilmədiyi qələbəni Kamran kimi oğullar öz qanı bahasına, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin apardığı uğurlu siyasəti, rəşadətli ordumuzun sayəsində bizə Zəfəri yaşatdılar. Bu gün qalib Azərbaycan xalqı qəhrəman oğulları ilə fəxr edir, onların daim adlarını uca tutur. Məktəbin təşkilatçısı da çıxış edərək, şagirdi ilə bağlı xatirələri yada salıb, məktəblilərə onu nümunə göstərdiyini, ürəyi daim Vətən sevgisi ilə döyünən Kamran kimi oğulun müəllimi olması ilə qürur hissi duyduğunu söyləyib.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsinin əsas məqsədi şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği, şagirdlərə vətənpərvərlik hissinin aşılanmasından ibarət olub.