Ətraf mühitin mühafizə olunması barədə tədbir

Hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idi. Lakin hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub.
Plastik məmulat istehsalının belə sürətlə artması plastik tullantıların, daha böyük templə çoxalmasına təkan verib. Hazırda plastik tullantıların yaranması tempinin azalması istiqamətində mühüm addımlar atılır.
Bu məqsədlə məktəbin akt zalında 6-cı siniflər sinif təşkilat saatında plastik tullantılardan istifadənin zərərindən danışdılar.Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir.