1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür
Bu tarix bütün dünyada, o cümlədən Azərbaycanda Mülki Müdafiə günü kimi qeyd olunur.
Ümumdünya Mülki Müdafiə Günü 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Hər il Mülki Müdafiə günü bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd olunur.
Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Azərbaycanda Fövqəladə Hallar Nazirliyi əhalinin, ərazilərin təbii və texniki qəzalardan, partlayış və yanğınlardan mülki müdafiəsini, yanğın təhlükəsizliyini, istehsalat və nəqliyyat qəzalarından mühafizəsini təşkil edir.
Azərbaycanda mülki müdafiə təşkilatı bir neçə istiqamət üzrə ixtisaslaşıb. Qurumun tərkibində ayrılıqda Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti və Xəzər Hövzə Qəza-xilasetmə Xidməti fəaliyyət göstərir. Mülki Müdafiə Qoşunlarının maddi-texniki təchizatı, eləcə də qoşunların şəxsi heyətinin təminatı daim dövlət nəzarətindədir.
Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında əsas vəzifə kimi dayanır.
Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.



















