“Cümhuriyyət 100 il” adlı vətənpərvərlik mövzusunda rəsm müsabiqə - sərgisi təşkil edilmişdir

Rəsmi bəyəndinizmi? Bu gözəl əsər məktəbimizin yetirməsi, 8-ci sinif şagirdi Səfərzadə Humayın əl işidir.
Nizami Kino Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Cümhuriyyət 100 il” adlı vətənpərvərlik mövzusunda rəsm müsabiqə - sərgisi təşkil edilmişdir. 2018-ci il sentyabr ayının 20-dən noyabr ayının 5-dək davam edən müsabiqədə respublikamızın bütün bölgələrini təmsil edən orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir.
Tədbir iştirakçıları sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış oluqdan sonra bildirmişlər ki, gənc rəssamların hər bir işi özünəməxsusluğu ilə fərqlənirlər. Əsərlərin məzmun baxımından düzgün seçildiyi, məktəblilərin Vətənə, Silahlı Qüvvələrimizə, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti qurucularına olan məhəbbətinin hər bir işdə ifadə olunduğu vurğulanmışdır. Sərginin tərtibatı, nümayiş olunan rəsmlər qonaqlarda xoş təəssürat yaratmışdır. Daha sonra tədbirin rəsmi hissəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qeyd etmişdir ki, Xidmət tərəfindən təşkil edilmiş “Cümhuriyyət 100 il” adlı ümumrespublika rəsm müsabiqəsinin keçirilməsində məqsəd müstəqil dövlətçilik tariximizdə mühüm yer tutan Xalq Cümhuriyyətinin fəaliyyətinin cəmiyyətə daha geniş çatdırılması, qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, xüsusi istedadlı məktəbliləri aşkar edib ictimaiyyətə tanıtmaq, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir.
Daha sonra çıxış edən Mədəniyyət nazirinin müavini Rafiq Bayramov sərgidə əsərləri nümayiş etdirilən uşaq və gəncləri uğurları münasibəti ilə təbrik edərək bildirmişdir ki, 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi şanlı tarixi keçmişimizə, Azərbaycan Xalq Cümhuriyyətinə göstərilən böyük ehtiramdır. R. Bayramov müsabiqənin yeniyetmə və gənclərin yaradıcılıq potensialının daha da inkişaf etdirilməsinə yaxşı stimul verəcəyinə əminliyini ifadə edərək bildirmişdir ki, müsabiqə öz istedadlarını nümayiş etdirmək üçün yeniyetmə və gənclərə yaxşı imkanlar yaratmışdır.
Tədbir sonra mükafatlandırılma mərasimi ilə davam etdirilib. Münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri açıqlanmışdır:
I yerin qalibi - Səfərzadə Humay Faiq qızı. Nizami rayon 214 saylı tam orta məktəb.
II yerin qalibi - Tanrıverdiyev Fərid Əhmədalı oğlu. Sabunçu rayon 4 saylı tam orta məktəb.
III yerin qalibi - Bayramlı Alvina Azər qızı. Balakən rayon M.P.Vaqif adına Tülü kənd 1 saylı orta məktəb.
Qaliblərə diplom və mükafatlar təqdim edilmişdir.