Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə aparmışlar. Bu mübarizənin nəticəsi olaraq 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cumhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirdi. Qısa zaman kəsiyində milli kadrlar önə çəkilərək ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı və ermənilərin ölkəmizin qərbində, xüsusilə Qarabağ bölgəsində həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyuldu və sərhədlərimiz müəyyənləşdirildi.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk müasir universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar bərpa edildi. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü. Ölkənin iqtisadi potensialı ixtisaslı kadrlar tərəfindən təhlil olunaraq qisa zaman kəsiyində bu sahədə ciddi inkişafa nail olundu.
Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağı yalnız ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı oldu. Bu, bir tarixdir və heç cür unudula bilməz.Məktəbimizdə keçirilmiş tədbirdə şagirdlərimiz bir daha dövlətçiliyimizin şanlı tarixini vərəqləyib Azərbaycanlı olduqları ilə fəxr etdiklərini hamıya bəyan etdilər. Yaşa, yaşa Azərbaycan! - dedilər.