“Elektron sınaq qiymətləndirməsi” nin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir

Kiçik ideyalar böyük arzuların həyata vəsiqə qazanmasında ilk qığılcımdır. Qığılcımdan alov doğar deyiblər. Arzularımızı həyata keçməsinə kömək edən ideyalardan biri də “Elektron sınaq qiymətləndirmə” si ilə bağlıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində ümumtəhsil kateqoriyası üzrə dəstəklənən layihələrdən biri də Nizami rayonunda yerləşən 214 nömrəli tam orta məktəbin layihəsidir. Layihə “Elektron Sınaq Qiymətləndirmə” mövzusuna həsr olunmuşdur.
Ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasında ən kütləvi təhsil sahəsi olan ümumi təhsil xüsusi əhəmiyyətə malik olduğundan ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi yetişməsi hər bir təhsil işçisinin diqqət mərkəzində olub ən mühüm vəzifəsi hesab edilməlidir. Layihənin həyata keçirilməsində məqsəd, “Keyfiyyət ili” çərçivəsində hər bir təhsil işçisi qarşında qoyulan vəzifələri həyata keçirmək, təhsil prosesində tədrisin keyfiyyətinin və əldə edilən müsbət nəticələrin yüksəldilməsinə nail olmaqdır.
Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici şagirdin təlim nəticələri olduğundan, həmin nəticələrin obyektiv qiymətləndirilməsi də keyfiyyəti üzə çıxaran ən etibarlı mənbə hesab olunur. Cənab prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərindən biri də şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistemin təkmilləşdirilməsidir.
“Elektron Sınaq Qiymətləndirmə” layihəsinin əsas məqsədi şagirdlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmənin rolunun daha da artırılması, innovativ elektron sınaq qiymətləndirmə alətinin tətbiqi ilə şagirdlərin inkişaf dinamikasının izlənilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin və müvafiq hesabatların vaxtında hazırlanmasının təmin edilməsi, şagirdlərin bu kimi qiymətləndirmələrdə iştirak təcrübəsinin artırılması, həmçinin təhsili idarəetmə orqanlarının şagird nailiyyətlərinin izlənilməsi sahəsində aparılan fəaliyyətlərinə dəstək olmaqdır.
Şagird nailiyyətinin izlənilməsi üçün müəllimlərin innovativ elektron qiymətləndirmə aləti ilə təmin edilməsi, qiymətləndirmə nəticələrinin analizi, müqayisəli təhlili, şagirdlərin inkişaf dinamikasının qrafik görüntüsü, müvafiq hesabatların vaxtında hazırlanması və şagirdlərlə məqsədyönlü işin təşkili, qiymətləndirmə nəticələrinə əsasən şagirdin, sinfin və məktəbin elektron portfoliosunun hazırlanması, elektron sistem vasitəsi ilə məktəb direktoru, müəllimlər, valideynlər üçün şəxsi səhifələrin yaradılması və dərs ili boyu şagirdlərin qiymətləndirmə nəticələri, inkişaf dinamikası ilə tanış edilməsi, siniflər üzrə elektron şəkildə monitorinqlərin təşkili imkanının yaradılması, məktəbin çap xərclərinin azaldılması, tədris proqramlarını hazırlayan və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssislər arasında qarşılıqlı əlaqələrin yaradılması, həmçinin məktəbdaxili qiymətləndirmənin mahiyyətinə tamamilə zidd olan yalnız test tapşırıqlarından ibarət və Təhsil Nazirliyinin qrifi olmayan vəsaitlərin məktəbə ayaq açmasının qarşısının alınması layihənin qarşısında duran əsas vəzifələrdir.
Layihəyə rəhbərlik məktəbin direktoru Esmira xanım Ağayeva tərəfindən həyata keçirilir. Bu məqsədlə məktəbimizdə 23.11.2017-ci il tarixdə “Elektron sınaq qiymətləndirmə” layihəsinin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir. Lahiyənin ideyasının gerçəkləşdirilməsində iştirak etmək istəyən məktəblərin rəhbərləri ilə yanaşı ayrı-ayrı fənn müəllimləri də “Elektron sınaq qiymətləndirməsi”nin günün tələbi olduğunu bəyənmiş və onun həyata keçirilməsinin vacibliyini alqışlamışlar.
Məlumdur ki, son illər Azərbaycan Respublikası Təhsil Nazirliyi məktəblərin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində IX sinif şagirdlərinin buraxılış imtahanılarının nəticələrinə əsaslanır. Təhsil Nazirliyi, eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) şagirdlərin tədris olunan fənnlərə marağının artırılması, onların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində çoxsaylı fəaliyyətlər həyata keçirir. Həyata keçirilən fəaliyyətlərin nəticəsi olaraq son 3 ildə bütün ölkə üzrə keyfiyyətin artmasında BŞTİ-nə tabe ümumtəhsil müəssisələrinin məzunlarının nəticələrinin yaxşılaşması mühüm rol oynamışdır. Bununla belə BŞTİ-nə tabe ümumtəhsil müəssisələrində təhsil alan IX sinif şagirdlərin buraxılış imtahan göstəricilərini qənaətbəxş hesab etmək olmaz. Nəticələrin istənilən vəziyyətdə olmamasını hazırda ümumtəhsil məktəblərində həyata keçirilən məktəbdaxili qiymətləndirmələrin qoyulan tələblərə kifayət qədər cavab verməməsi ilə əlaqələndirmək olar. Eyni zamanda, şagirdlərin tədris ili boyu təlim nəticələrinin izlənilməsi prosesinin və qiymətləndirmələrdə iştirak praktikasının az olması yekun buraxılış imtahanlarında zəif nəticə göstərmələrinə təsir edən amillərdən hesab olunur.
Pilot layihə çərçivəsində 15 ümumtəhsil məktəbinin IV və IX siniflərində elektron sınaq qiymətləndirmələrin təşkili üçün xüsusi proqram təminatı yaradılmışdır. Proqram təminatı hazırlanarkən layihənin işçi qrupunun, qiymətləndirmə mütəxəssislərinin tövsiyələri dinlənilmişdir. Proqram təminatı vasitəsi ilə dərs ili ərzində IV və IX siniflər üzrə müvafiq fənlərdən elektron sınaq qiymətləndirmələr təşkil olunacaqdır. Sınaq qiymətləndirmələr üçün suallar layihə üçün dəvət edilmiş xüsusi komissiya tərəfindən kurikulumun məzmun standartlarına uyğun formada hazırlanmışdır.
Yaradılmış müasir qiymətləndirmə mexanizminin uğurla tətbiqi nəticəsində layihəyə cəlb edilmiş məktəblər üzrə şagird nailiyyətləri, inkişaf dinamikası barədə obyektiv məlumatlar qısa müddətdə əldə ediləcəkdir. Qiymətləndirmə nəticələrinin təhlilinin və müvafiq hesabatların vaxtında hazırlanması şagirdlərlə məqsədyönlü işin təşkilinə imkan yaradacaqdır.
Layihə çərçivəsində tədris ilinin əvvəli və hər bir təhsil vahidinin sonunda müvafiq fənlərdən təşkil olunacaq elektron sınaq qiymətləndirmələr şagirdlərin qiymətləndirmələrdə iştirak təcrübəsini artıracaq, şəxsi nailiyyətlərini, inkişaf dinamikasını izləmək imkanı yaradacaqdır. Nəticədə şagirdlər tədris ilinin sonu təşkil olunacaq IX siniflər üzrə yekun buraxılış imtahanına hazırlıqlı olacaqlar.
Layihənin həyata keçirilməsi nəticəsində müvafiq fənn müəllimləri sinfin portfoliosunu, məktəb direktoru isə müvafiq siniflər üzrə məktəbin portfoliosunu, inkişaf dinamikasını izləmək imkanı əldə edəcəkdir. Beləliklə, dərs ilinin sonuna doğru məktəb direktoru məktəbin yekun təlim nəticələri ilə bağlı proqnozu təxmin edə biləcəkdir. Layihə haqqında ətraflı məlumatı WWW.sq.edu.az saytında almaq olar.
Elm ucu-bucağı görünməyən bir ümmandır. Alim və müdrik insanlar bu ümmandan nə qədər bəhrələnsələr də onun xəzinəsi tükənmir, əksinə onun dəryası daha da dərinləşir, saflaşır. Dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi:
“Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz...”
Zaman ötüb keçsə də dahi şairimizin illər öncə dediyi bu sözlər öz aktuallığını bu gün də saxlamaqdadır. Əks təqdirdə xalqımıza, Vətənimizə, torpağımıza vurulan zərbələri dəf edə bilmərik. Bəli qüvvət elmdədir və elmlə də zəfər qazanmalıyıq.