Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il 31 dekabrda Azərbaycanda və bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən qeyd olunan əlamətdar bir gündür. Bu günün qeyd edilməsi Azərbaycan xalqının tarixini, mədəniyyətini, milli kimliyini qorumaq və dünya azərbaycanlıları arasında birliyi gücləndirmək məqsədi daşıyır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ölkəmizinmüstəqilliyinin bərpası yolunda əhəmiyyətli addımlar atılmış bir dövrün məhsuludur. Bu günün qeyd edilməsinin təşəbbüskarı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Heydər Əliyev həmvətənlərimizin birliyini təmin etmək, onların öz vətənləri ilə əlaqələrini möhkəmləndirmək və dünya miqyasında Azərbaycanı tanıtmaq baxımından bu günü əhəmiyyətli hesab etmişdir. O, həmrəyliyin gücləndirilməsinin, azərbaycanlıların bir araya gəlməsinin və müstəqil Azərbaycan dövlətinin inkişafına dəstək verilməsinin vacibliyini vurğulamışdır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüazərbaycanlılar arasında mənəvi və mədəni birliyin təbliğinə xidmət edən mühüm bir tarixdir. Bu günün qeyd edilməsi ölkə daxilində və xaricdə yaşayan azərbaycanlılarının bir araya gəlmələrini, milli kimliklərini qoruyub saxlamalarını, öz tarixlərinə və mədəniyyətlərinə sahib çıxmalarını təşviq edir.
Azərbaycanlılar dünyanın müxtəlif coğrafi ərazilərində,fərqli xalqlarla bərabər yaşayırlar. Lakin, bu fərqliliklərə baxmayaraq, bütün azərbaycanlılar eyni mədəni köklərə və tarixə sahibdirlər. 31 dekabrda müxtəlif ölkələrdəki azərbaycanlılar bir məqsəd ətrafında birləşir, Azərbaycanla bağlı qlobal məsələlərə diqqət çəkir, ölkənin beynəlxalq aləmdəki mövqeyinin güclənməsi və dünya ictimaiyyətinin ölkəmizi daha yaxından tanıması üçün vacib addımlar atırlar . Bu baxımdan həm də Azərbaycanın xaricdəki diasporasının rolu önə çıxır. Heydər Əliyev tərəfindən yaradılan "AzərbaycanRespublikasının Diasporla iş üzrə Dövlət Komitəsi" və digər təşkilatlar dünya miqyasında yaşayan azərbaycanlıların birliyini təmin etmək və onların Azərbaycanla əlaqələrini gücləndirmək məqsədilə fəaliyyət göstərirlər. Bu təşkilatlar, həmçinin Azərbaycan mədəniyyətinin qorunması, dilimizin öyrədilməsi və milli irsimizin gələcək nəsillərə ötürülməsi işində fəal iştirak edirlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 2020-ci il Vətən Müharibəsi və Qarabağ zəfəri ilə daha da önəmli bir məna kəsb etmişdir.
Bu zəfər dünya azərbaycanlılarının həmrəyliyini və birlikdə hərəkət etmə gücünü bir daha təsdiqlədi. Qarabağ müharibəsi dövründə xaricdə yaşayan azərbaycanlılar yalnız maddi və mənəvi dəstək göstərməklə kifayətlənməyib həm də Azərbaycanın haqq işini dünyaya yaymaq üçün müxtəlif tədbirlər təşkil edərək sübut etdilər ki, bu mübarizə yalnız bir dövlətin deyil, bütün bir xalqın mübarizəsidir və bu mübarizənin sonunda əldə olunan qələbə dünya azərbaycanlıları arasında daha sıx bir əlaqənin və həmrəyliyin təcəssümüdür.
Beləliklə, əminliklə demək olar ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sadəcə bir bayram deyil, həm də Azərbaycan xalqının birlik və bərabərlik simvoludur. Bu günün qeyd edilməsi dünya azərbaycanlılarının mədəni, sosial və siyasi baxımdan daha da yaxınlaşmasına,bir-birinə dəstək olmasına xidmət edir. Ölkə hüdudlarında və xaricdə yaşayan hər bir soydaşımız əmindir ki, həmrəyliyin gücləndirilməsiAzərbaycanın gələcəkdə qarşılaşacağı hər bir çətinliyin öhdəsindən daha asan gəlməsini təmin edəcəkdir.
214 saylı tam orta məktəbin direktor müavini Vəfa Bayramova