“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

27 oktyabr 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Nizami rayonundakı 214 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.Tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarət, Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının, eləcə də Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak etmiş, xüsusi xilasetmə alət və avadanlıqlar nümayiş olunmuşdur.Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.Müxtəlif təbii və texnogen fövqəladə hallar, eləcə də həmin hallar zamanı hərəkət qaydalarına həsr olunmuş məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın və nəqliyyat qəzaları zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları” mövzularında çıxışlar etmişlər.Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları, eləcə də dəm qazı barədə videoçarxlar nümayiş etdirilmişdir.Tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam etmişdir. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilmişdir. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapmışdır.Tədbirin gedişində məktəb şagirdlərinin fövqəladə hallarla bağlı hazırladıqları şeirlər maraqla qarşılanmışdır.Məktəbdə şərti yanğın hadisəsi ilə bağlı verilən xəbərdarlıq siqnalından sonra başlayan təxliyə üzrə məşq zamanı şagirdlər müəllimlərin rəhbərliyi altında mütəşəkkil şəkildə məktəb binasını tərk edərək təhlükəsiz ərazidə toplaşmışlar. Sonra maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.