Ümumdünya Tütünlə Mübarizə Günüdür

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün hər il qeyd olunur. Bu məqsədlə məktəbin Bialogiya müəllimi Sevil Xalıqova xüsusi dərs təşkil etdi.
Məqsəd şagirdlərin sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərdən qorumaq, onlara sağlam milli-mənəvi dəyərləri aşılamaq gənc nəsli pis vərdişlərə yox deməyi öyrətmək idi. Şagirdlərə videoçarx və slaydlar nümayiş etdirildi.
Şagirdlər hazırladıqları təqdimatlarda nümayiş etdirdilər ki, hər il dünyada təxminən 8 milyon nəfər “tütün epidemiyası”nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv siqaret istifadəçiləridir. Onu da qeyd etdilər ki, siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Tütündən istifadə edilməsi ölümə aparan ən mühüm səbəblərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütündən istifadə hazırda dünyada hər on nəfərdən birinin həyatına son qoyur. Bundan başqa, tütünçəkmənin təsiri nəticəsində 25-dən çox xəstəlik, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklər daha da ağırlaşır.