Bu torpaqlarda yenidən insan yaşayacaq

Vaxtilə televiziyada qədim dövrlərə aid şəhərlərin xarabalıqlarını görəndə ağlımıza belə gəlməzdi ki, onlardan daha dəhşətli mənzərələri Azərbaycanda görə bilərik. Kiçik istisnaları nəzərə almasaq, tarix boyu müharibə getməyən ərazilərdə binalar, tarixi abidələr, xüsusilə də dini məbədlər dağıdılmayıb. Hətta ən qəddar hökmdarlar belə döyüş başa çatdıqdan sonra hərbi əhəmiyyət kəsb etməyən tikililəri, şəhərləri, kəndləri məhv etməmişlər. Miqyasına görə ən böyük müharibə olan II Dünya müharibəsi zamanı da döyüşlər zamanı top mərmiləri, bombardmanlar nəticəsində zərər görürdü. Bu müharibədə işğal olunan ərazilərdə dinc əhaliyə də toxunulmamışdı, dinc əhali əziyyətlər görsə də, öz evlərindən qovulmamışdı.
Lakin Qarabağda tarixdə görünməmiş bir vəhşiliyə şahid olduq. İşğal olunarkən dinc əhalinin qətl edilməsi, həm də xüsusi amansızlıqla qətl edilməsi artıq bütün dünyaya məlumdur. Münaqişənin başladığı ilk illərdə səsimiz heç yerdə eşidilməsə də, sonradan dövlət xadimləri, mətbu orqanları, xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti nəticəsində artıq bütün dünya erməni vəhşiliyinin, erməni vandalizminin nə olduğuna bələd oldu. Təkcə sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və Qələbə ilə başa çatan II Qarabağ müharibəsi zamanı ölkə prezidenti demək olar ki hər gün ya mətbuat konfransı keçirir, ya da hansısa xarici telekanala müsahibə verirdi. Müharibə dövründə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, xarici media nümayəndələrinin Gəncəyə və müharibə getməyən digər şəhərlərə səfərləri təşkil olunmaqla dinc əhalinin yaşadığı binaların atəşə tutulması, dağıdılması faktları bütün dünyaya çatdırıldı. Məhz bunların nəticəsi oldu ki, daim Ermənistanı müdafiə edən xarici dövlətlər müharibə zamanı onu aktiv müdafiə edə bilmədilər. Çünki artıq indiyə qədər deyilmiş erməni yalanları ifşa olunmuşdu.
Martın 13-də Azərbaycan Prezidentinin təşəbbüsü ilə 150-yə yaxın media, QHT nümayəndələrinin, bloqerlərin işğaldan azad olunan Ağdam rayonuna səfəri təşkil edildi. Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə baş tutan səfərdə jurnalistlər Ağdamda erməni barbarlığının, vandalizminin bir daha şahidi oldular. Bütün evlər, məktəblər, inzibati binalar, hətta məzarlıqlar belə dağıdılmışdı. Ağdam qədim Palmira xarabalıqlarını xatırladırdı.
Ağdamda səfərdə olan jurnalistlərdən biri yazır: “Rus ordusu Fin körfəzində yerləşən Vıborq şəhərinə hücum edən zaman finli bir ailənin xanımı yaşadığı evi tərk edərkən həyətindəki gülü dərib stolun üzərindəki güldana qoymuşdu. Həyat yoldaşı artıq onların bir də bu evə qayıda biləməyəcəklərini, yurdlarının işğal olunduğunu deyəndə qadın maraqlı cavab vermişdi. O demişdi ki, “Qoy düşmən gələndə burada insanın yaşadığını görsün”.
Azərbaycanlılar da Ağdamı və digər şəhərlərimizi tərk etmək məcburiyyətində qalanda evlərini süpürüb, silib çıxmışdılar. Göstərmişdilər ki, burada sivil insan yaşayıb. İndi o evlərin daşı daş üstdə qalmayıb”.
Bəli, artıq o evlərdə yenidən insan yaşayacaq, Qarabağ abadlaşacaq və cənnətə çevriləcək, dünyanın bütün ölkələrindən insanlar bu cənnəti görmək üçün Azərbaycana gələcəklər. Lakin erməni vəhşiliyinin izləri – dağıdılmış evlər, məktəblər açıq muzey kimi qorunub saxlanmalıdır ki, dünya bir daha erməni vəhşiliyini öz gözləri ilə görə bilsin.
Fəttah Fəttayev,
214 nömrəli tam orta məktəbin direktoru