Şagirdlərə imtahan qabağı dəstək

Qarşıdan abituriyentlər üçün əlamətdar gün olan qəbul imtahanları yaxınlaşır. İmtahanqabağı stress, depressiyalar, yorğunluq bu dövrdə abituriyentlərin üzləşdiyi əsas problemlərdəndir. Statistikaya görə, abituriyentlərin 96 faizi imtahan zamanı stress altında olur və bu stress hətta yetərincə biliyi olanların belə yaxşı nəticə göstərmələrinin qarşısını alır. İmtahan öncəsi abituriyentlərin əsasən “görəsən qəbul ola biləcəyəmmi”, “valideynlərimə nə deyəcəyəm”, “qohumlar haqqımda nə fikirləşəcək” kimi suallar ətrafında düşünməyə başlayırlar. İmtahan günləri yaxınlaşdıqca valideynlər də stress keçirməkdə övladlarından geri qalmırlar və onların gərginliyi imtahana hazırlaşan abituriyenti daha da həyəcanlandırır. Bəs bütün bu problemlərlə baş etmək üçün imtahan öncəsi abituriyentlə necə davranmaq lazımdır? Psixoloji gərginliyi aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir? Şagirdlərə imtahan qabağı dəstək məqsədi ilə Qərb Universitetinin Psixoloqiya üzrə fəlsəfə doktoru Afərin Abbasova və Nigar Bağırova 23 apreldə məktəbimizin qonağı oldular. Afərin Abbasovanın sözlərinə görə, imtahanın uğurlu olması üçün imtahana hazırlığın düzgün aparılması çox vacibdir. Valideynlər və ya imtahana hazırlaşanın özü dərslərə, imtahana hazırlıq rejiminə nəzarət etməlidir. Uşağın çox yüklənməsinə yol vermək olmaz və ona istirahət hüququ vermək lazımdır. Uşaq dərslərini daha yaxşı hazırlasın deyə evdə onun üçün rahat şərait yaradılmalıdır. Dərslərin hazırlanması üçün nəzərdə tutulan otaq təmiz olmalı, havası dəyişilməli, yazı stolu, kitab, dəftər və qələmləri səliqəli vəziyyətdə olmalıdır. Fikrini cəmləsin deyə sakitliyə riayət olunmalıdır. Bu səbəbdən də televizor, radio, video və s. kimi texniki avadanlıqlar otağa qoyulmamalıdır. İstər-istəməz bunlar uşağın fikrini yayındıra bilər: "Eləcə də uşaq dərs oxuyarkən ona kiminsə mane olmasına yol verməyin. Dərs oxuyan uşaq düzgün həyat rejimi ilə yaşamalıdır. O, sağlam qida ilə qidalanmalı, zərərli və kimyəvi maddələrlə zəngin olan qida məhsullarından uzaq durmalı. Yadda saxlayın ki, imtahana hazırlaşan adam üçün düzgün yuxu rejimi də əvəzolunmazdır".Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı.Sonda şagirdlər və qonaqlar bu görüşdən məmnun olduqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi