Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

Oktyabrın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2019-2020-ci tədris ili üzrə ilk məşğələlərə start verilib.

Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar paytaxtdakı 18 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Samirə Bektaşi, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəb direktorları, müəllimlər, valideynlər, uşaqlar və media nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən bəhs olunub.

Çıxış edənlər məktəbhazırlıq qruplarının 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək məqsədilə yaradıldığını bildiriblər. Qeyd edilib ki, 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində yaradılan 970  məktəbəhazırlıq qrupuna 26 minə yaxın uşaq müraciət edib.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz, 2019-2020-ci tədris ilində 90 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM