"Ailəm və məktəbim" layihəsi çərçivəsində "Valideynin məktəbdə bir günü"

Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Bu münasibətlərin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın özünü dərk etməsinə və cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir.
Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət qurmasının təmin edilməsi məqsədilə 197 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Valideynlər ibtidai siniflərdə övladlarının tədris prosesi ilə yaxından tanış oldular, məktəbin kitabxanasına, bufetinə, sinif otaqlarına və dəhlizlərdə yaradılmış guşələrə baxış keçirdilər.