Son Zəng

İyunun 14-də 197 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Onbirincilər tədbir iştirakçıların alqışları altında meydana daxil oldular.
Tədbiri girış sözü ilə məktəbin direktoru Elmira Namazova açaraq məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzuladı.O, məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, dünyanın istənilən yerində dövlətimizin, xalqımızın adını uca tutmağı, müəllimlərinin və valideynlərinin etimadını doğrultmağı tövsiyə etdi.
Onbirinciləri təbrik edən sinif rəhbəri və müəllimləri bu gündən etibarən onların həyatında yeni mərhələnin başlandığını söyləyib, gənclərə daim bilik və bacarıqlarını artırmağı, qarşıdakı imtahanlarda və peşə seçimində daha diqqətli olmağı tövsiyə etdi.
Valideynlər və digər qonaqlar da məzunlara xoş arzularını çatdırdılar. Müstəqil Azərbaycanın gələcəyi üçün bilikli, ləyaqətli və vətənpərvər gənclər yetişdirən müəllimlərə, məktəbin kollektivinə minnətdarlıqlarını bildiriblər.
“Biz dövlətimizin, məktəbimizin, valideynlərimizin adına layiq olacağıq”, - deyən məzunların çıxışları, mənalı ürək sözləri gənclərə olan inamı bir daha artırdı. Məzunlarımız məktəbə, müəllimə həsr olunan şeir və mahnılar söyləyib, maraqlı rəqslər ifa etdilər.
Sonda on birincilər üçün “Son zəng” çalındı.