"Milli Qəhrəmanımız Yusif Əliyevin anım günü

Yusif Əliyusif oğlu Əliyev 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 nömrəli orta məktəbi bitirdikdən sonra atasının işlədiyi qarajda əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir. 1990 – cı ildə əskərliyini başa vurduqdan sonra əmək fəaliyyətini həmin qarajda davam etdirmişdir.1990-cı ilin avqust ayından daxili işlər orqanlarına qəbul olunmuş, Bakı şəhər Baş Daxili İşlər İdarəsinin Post-Patrul Alayında 3-cü rotada milis nəfəri kimi xidmətə başlamışdır.Y.Ə.Əliyev daxili işlər orqanlarında fəaliyyətə başladığı vaxtdan verilən tapşırıqları vaxtında icra edən əməkdaş kimi fərqlənmiş,bir neçə dəfə respublikamızın "qaynar nöqtələrinə” ezam olunmuşdu. Ərazi bütövlüyümüzün qorunmasında bütün qüvvəsini səfərbər etmişdir.Döyüş zonalarına son səfəri 1991-ci il sentyabr ayının 5-i olmuşdu.60 nəfərlik dəstə ilə Goranboy rayonunun Mənəşid, Erkəç, Buzluq kəndlərində erməni yaraqlılarına qarşı mübarizə aparmış və xidməti vəzifəsini icra edərkən qəhrəmancasına həlak olmuşdur.Yusifin cəbhə xəttinə yola düşdüyü gündən Əliyusif kişi televiziyada, radioda bir xəbəri buraxmadı. Oğul nigarançılığı keçirən ata döyüş zonalarındakı vəziyyəti diqqətlə izləyir,hər ölüm xəbəri Əliyusif kişini o dünyaya aparıb-gətirirdi. Sentyabr ayının 14-də Əliyusif kişi televiziyanın "Günün ekranı” xəbərlər proqramında Goranboy rayonunda xeyli milis işçisinin yaralandığını,itkin düşdüyünü eşidəndə dalağı sancdı. Qəlbinə qara fikirlər gəldi. Müdhiş fikirləri beynindən qovmaq istəsə də,Yusif sarıdan nigarançılığı onu rahat buraxmadı.Özünü Nəsimi milisinə verdi. Burada Yusifdən dəqiq bir məlumat ala bilmədi.Əliyusif kişi Goranboya yola düşdü. Neçə gün oğlunun nə ölüsündən,nə də dirisindən bir xəbər çıxmadı.Meyidxanalara üz tutdu ata. Hər saatında bir il qocaldı Əliyusif kişi. Düşmən vəhşiliyindən tanınmaz hala salınmış meyidlərin içərisində oğul soraqladı o. Sentyabr ayının 25-i Yusifin meyidi tapıldı.Yusif şəhid olmuşdu,şəhidlik zirvəsinə yüksəlmişdi. 1992 – ci ildə Qobustan qəsəbəsində yerləşən 195 nömrəli tam orta məktəbə ilk Milli qəhrəman olan Yusif Əliyevin adı verilmişdir. Hər il məktəbimizdə 26 sentyabr Yusif Əliyusif oğlu Əliyevin anım günü kimi qeyd olunur.