Şəhid məzunumuz Şəfizadə Saleh Samir oğlunun şəhadətə yüksəlişinin ildönümü keçirildi

8 fevral 2022-ci il tarixdə məktəbin 3e sinif müəllimi Sevinc Əbilova və şagirdlərinin iştirakı ilə torpaqlarımızın bütövlüyü naminə II Vətən Müharibəsi zamanı müqəddəs borcunu yerinə yetirərək şəhidlik zirvəsinə ucalan şəhid məzunumuz Şəfizadə Saleh Samir oğlunun şəhadətə yüksəlişinin ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, həmçinin məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Vüsalə Əsədullayeva, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçı müavini Nərmin Abbasxanova iştirak etdilər. İştirakçılar əvvəlcə şəhid Şəfizadə Salehin adını daşıyan sinif otağı və xatirəsini əbədiləşdirmək məqsədilə hazırlanan guşə ilə tanış oldular. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şəhid Saleh Şəfizadənin keçdiyi şərəfli yolu özündə əks etdirən videoçarx nümayiş etdirildi. Məktəblilər vətənpərvərlik mövzusunda hazırladıqları şeir və kompozisiyalarla çıxış etdilər. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmağın vacibliyini qeyd edən Gülnarə Məmmədova Sevinc Əbilovaya və 3e sinif şagirdlərinə, eləcə də tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkür edərək bildirdi ki, məktəbin vəzifəsi təhsil verməklə yanaşı, gənc nəsli vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə edərək layiqli vətəndaş yetişdirməkdir. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən Salehin və bütün Vətən şəhidlərinin xatirəsi heç vaxt unudulmayacaq, daim qürur hissi ilə anılacaq.
Tədbir şəhid Saleh Şəfizadənin məzarının ziyarət edilməsi ilə başa çatdı.