Hərbi Mitinq -06.04.2016

Dövlətimizə və ordumuza dəstək münasibətilə 06.04.2016-cı il tarixdə 147 nömrəli Texniki-humanitar liseyin şagird və müəllim kollektivindən ibarət hərbi mitinq keçirilib. Mitinqi Mehdiyeva Həlimə açıq elan edib. Tarix müəllimi Məmmədova Güntəkin milli ordumuzun yaranma tarixi haqqında şagirdlərə dolğun məlumat verib. Liseyin fiziki-tərbiyə müəllimi Kamalov Nazim ordumuzun qəhrəman mübarizəsindən, şücaətindən danışıb. Liseyin direktoru Gülnaz xanım Kərimova Azərbaycan xalqının həmişə dövlətimizin və ordumuzun yanında olduğunu bildirərək əlavə edib ki,bu gün Azərbaycanda yaşayan öz vətəninə, xalqına bağlı olan hər kəs unutmamalıdır ki, işğal edilmiş Qarabağ torpaqlarımız - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən tapdağı altındadır. Müstəqil Azərbaycanımızın torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa qalxıb, öz torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhları qarşısında öz vicdan borclarını verməklə millətin yaşamaq hüququ olduğunu sübut edən zəfər marşını çalacaqlar. O günə çox qalmayıb…Daha sonra riyaziyyat müəllimi Rafael müəllim mitinqdə iştirak edənlərlə birgə şəhidlərimizin ruhuna çoxlu dualar oxuyaraq qeyd edib ki, Allahın insanlara göndərdiyi müqəddəs “Qurani-Kərim”də buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz”. Şəhidlik ölümlərin ən şərəflisidir. Aprel ayının 1-dən 2-sinə keçən gecədə qeyrət köynəklərini qana hopduran, canlarını Vətənə fəda edən igid oğullarımız doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq, müqəddəs Şəhidlik Zirvəsini fəth etdilər. Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar. Sonda himnimizin çalınması ilə mitinq bağlı elan olunub.