HAQQIMIZDA

147 №li Texniki-humanitar lisey dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə 1999-cu ildə Xətayi rayonunda yerləşən 147 №li tam orta məktəbin əsasında yaradılmışdır. Yaradılmasında məqsəd vətənə, millətə, dövlətçiliyə sadiq, müasir bilik və bacarıqlara yiyələnmiş şagirdlər formalaşdırmaq olmuşdur. Yaradıldığı vaxtdan lisey təkcə Bakı şəhərində deyil, bütün ölkə səviyyəsində təlimin keyfiyyəti, tədrisin yüksək səviyyəsi və nəticələrinin yaxşılığına görə daima seçilmiş və fərqlənmişdir. Təsadüfi deyil ki, lisey fəaliyyəti dövründə 2 dəfə (2007-2008-ci və 2014-2015-ci tədris illərində) “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

    Liseydə tədris texniki və humanitar ixtisaslar üzrə həyata keçirilir. V-VI siniflər liseyə hazırlıq sinifləridir. VII sinifdən etibarən şagirdlərin maraq və bacarıqlarına əsasən, texniki və humanitar təmayüllər formalaşdırılır. X və XI sinifdə isə şagirdlər tam orta təhsil səviyyəsi üzrə təmayüllərə bölünürlər. Liseydə texniki, humanitar, təbiət, riyaziyyat və iqtisadiyyat istiqamətləri üzrə təmayüllər faliyyət göstərir. 

    Liseyi indiyədək bitirən məzunların 97,5%-i Respublikamızın və xarici ölkələrin ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul imtahanlarında və buraxılış imtahanlarında göstərdiyi nəticələrə görə lisey bu il də  ən yaxşı məktəblər sırasında yer alır.

    Lisey tədrisin səviyyəsi və nizam-intizamın yüksəkliyi ilə yanaşı, özünəməxsus təlim-tədris adət-ənənələri ilə də seçilib-fərqlənir. Belə ki, hər tədris ilinin sonunda "Elmin zirvələrini fəth edək" adlı şagird elmi-praktik konfransı keçirilir. Hər il fevral ayının ilk on günündə bir dərs günü "Şagird özünü idarə Günü" kimi qeyd edilir. Həmin gün liseyin bütün idarəçiliyi şagirdlər tərəfindən həyata keçirilir. Hər ilin noyabr ayında liseydə bütün sinifləri əhatə edən Bilik yarışması keçirilir. İlin müxtəlif vaxtlarında Respublikamızın ən tanınmış və istedadlı alimləri liseydə şagirdlər qarşısında müxtəlif mövzularda elmi mühazirələr deyir.

    2019-2020-ci tədris ilində liseydə 500 şagird 21 sinif komplektində təhsil almışır. 2021-2022-ci tədris ili üçün 469 şagird 22 sinif komplektində təhsil alır. Qeyd edək ki, liseyimizin idman zalı, kitabxana, tibb otağı, laboratoriyalar, psixoloq otağı, bir neçə fənn kabineti, texnologiya otağı, biologiya otağı vardır. 

    Liseyin müəllim kontingenti 58 nəfərdir. Hazırda liseydə 4 nəfər fəlsəfə doktoru, 2 nəfər "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi, 1 nəfər “Əməkdar müəllim”, 2 nəfər "Tərəqqi" medallı müəllim fəaliyyət göstərir. Liseyin pedaqoji işçiləri təhsildə göstərdikləri xüsusi xidmətlərə görə dəfələrlə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Xətai rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının Fəxri Fərmanları ilə təltif olunmuşlar.

    2018-2019-cu tədris ilində ölkə və xaricdə ali məktəblərə qəbul göstəricilərinə görə lisey Xətayi rayonunda ilk yerdə olmuşdur. Məzunlarımızın hamısı müvafiq olaraq ali məktəblərə qəbul olunmuşlar. 11 nəfər şagirdimiz 600-dən artıq bal toplamış, bir şagirdimiz Prezident təqaüdünə layiq görülmüşdür. 2019-2020-ci tədris ilində bir şagirdimiz Respublika Fənn Olimpiadasında fizika fənnni üzrə I yeri qazanmışdır. Liseyimizin "Golden Brain" komandası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmiş "Fibonacci" intellektual yarışmasının qaliblərindəndir. Liseyimizin "Azadçılar" və "Texniklər" intellektual komandaları Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmiş "Nə? Harada? Nə zaman?" intellektual yarışmasının qaliblərindəndir. 

    Lisey Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin ümumtəhsil məktəbləri üzrə qaliblərindəndir. 2019-2020-ci tədris ilində liseyin direktoru  olmuş Arif Əsədovun rəhbəri olduğu layihə uğurla tətbiq edilmişdir. Hazırda 20-yə qədər məktəb həmin layihədən müxtəlif statistik məlumatların əldə edilməsi, sorğuların keçirilməsi üçün səmərəli şəkildə istifadə edir. 

2021-2022-ci tədris ilində lisey saysız nailiyyətlərə imza atmışdır. Şagirdlər RFO ilə yanaşı,  beynəlxalq olimpiadalara qatılaraq uğur qazanmışdır. RFO  və Lütfi zadə adına Respublika Məntiq Olimpiadasının final turuna 19 şagirdimiz vəsiqə qazanmış, bir şagirdimiz fizika üzrə RFO-dan qızıl medal bununla yanaşı digər beynəlxalq səviyyədə tanınmış olimpiadalardan 3 bürünc medal qazanmışdır.
Liseyin şagirdləri SASMO, TİMA, PANGEA dünya riyaziyyat olimpiadası, Amerika Riyaziyyat Olimpiadası , İ-Steam Olimpiad, Beynəlxalq Jautikov Olimiadası və digər dünya səviyyəli olimpiadalarda qalib olmuşdur .
2021-2022-ci tədris ilindən Steam üzrə dərslər təşkil edilmişdir.  Steam üzrə Bakı şəhər məktəbləri arasında çempionatda 147 nömrəli Texniki-humanitar liseyin komandası 130 məktəb arasında ilk dəfə qatılaraq 4-cü yerə çıxmışdır.
İdman yarışlarından stolüstü tennis,  basketbol,  voleybol,  şahmat üzrə turnirlərdə Xətai rayonu üzrə birincilik əldə edilmişdir.
2022-ci ilin ən böyük yekun uğurlarından biri liseyin  Bakı Elm Olimpiadasında kimya , biologiya və fizika fənləri üzrə iştirak edib, birincilik qazanması oldu.

 

 

 

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi